top of page

 Atom - qüvvə mikroskopu vasitəsilə ayrı - ayrı atomların

elektromənfiliyini ölçmək mümkündür.

  Elektromənfilik - atomun fiziki və kimyəvi xassələrinin müəyyən edilməsi baxımından çox böyük əhəmiyyətə malik olan xassədir. Yaxın dövrlərə qədər kimyaçılar çoxsaylı atom və molekulların iştirakı ilə aparılan təcrübələrin köməyi ilə yalnız elektromənfiliyin təxmini orta qiymətini müəyyən edə bilirdilər. Yaponiya və Çexiyadan olan tədqiqatçılar göstəriblər ki, atom - qüvvə mikroskopu vasitəsilə hər hansı nümunənin səthindəki ayrı - ayrı atomların elektromənfiliyini ölçmək mümkündür. Onların əldə etdiyi nəticələr heterogen katalizatorların aktivliyini əvvəlcədən və yüksək dəqiqliklə müəyyən etməyə imkan verəcək.

  Elektromənfilik - hər hansı bir kimyəvi element atomunun həmin atom ilə birləşən digər element atomunun elektronlarını özünə tərəf çəkmə qabiliyyətidir. Bütün kimyəvi reaksiyaların öncədən planlaşdırılması baxımından hər bir kimyaçı elektromənfilik anlayışından birbaşa və ya dolayı yolla istifadə edir. Belə ki, sadə dillə desək, hər bir kimyəvi proses elektronların bir atomdan digərinə yerdəyişməsidir. 

  Qeyd etmək yerinə düşər ki, elektromənfilik anlayışı ilk dəfə Laynus Polinq tərəfindən təklif edilmişdir (1932). O, bəzi elementlər üçün şərti elektromənfilik cədvəlini də tərtib etmişdir ki, bu cədvəl indi də bir çox dərsliklərdə əks olunur.

  Tokio universitetinin əməkdaşı Yo Onodo (Jo Onodo) Yaponiya və Çexiyadan olan bir qrup tədqiqatçı ilə bir yerdə atom - qüvvə mikroskopu vasitəsilə kimyəvi rabitənin polyarlaşma - elektronların rabitə əmələ gətirən atomlardan birinə tərəf sürüşmə dərəcəsini müəyyən etməyin mümkünlüyünü yoxladı. Bu ideyanın mümkünlüyünü yoxlamaq məqsədilə tədqiqatçılar silisium nümunəsinin səthinə oksigen atomlarını yerləşdiriblər. Bundan sonra atom - qüvvə mokroskopu vasitəsilə səthdə yerləşən atomlarla mikroskopun zondu arasında yaranan rabitənin enerjisi ölçülüb. Bundan əlavə, təcrübə prosesində tədqiq olunan nümunənin səthinə oksigen atomu ilə yanaşı, alüminium və germanium atomları da yerləşdirilmişdir. Belə ki, məlum olduğu kimi, oksigenin elektromənfiliyi silisiumdan böyük, alüminum elektromənfiliyi kiçik, germaniumunku isə təxminən ona bərabərdir.

  Atom - qüvvə mikroskopunun zondları quruluşuna görə fərqləndiyinə görə tədqiqatçılar aldıqları nəticələri kvant - mexaniki nəticələrlə müqayisə ediblər və müəyyən olunub ki, mikroskopun nəticələri ilə nəzəri qiymətlər üst - üstə düşür.

  Onu da qeyd edək ki, Onodo Polinqdən fərqli olaraq rabitə enerjisi kimi 6,02 ∙ 10²³  sayda rabitənin ümumi enerjisini deyil, konkret olaraq bir ədəd Si - O rabitəsinin qırılması üçün tələb olunan mexaniki enerjini qəbul etmişdir. Müxtəlif yanaşmalara baxmayaraq, elektromənfiliyin qiymətləri hələ 20 - ci əsrdə Polinq tərəfindən qaz fazada olan molekullar üçün alınmış qiymətlərlə üst - üstə düşür. Onodonun təcrübəsi göstərdi ki, 20 - ci əsrdə qəbul edilmiş elektromənfilyin orta qiymətləri təkcə çox sayda rabitələr üçün deyil, həm də ayrı - ayrı molekullar üçün tətbiq oluna bilər.

  Belə hesab olunur ki, atom - qüvvə mikroskopiyası vasitəsilə həyata keçirilən yeni metodika Polinqin aldığı elektromənfilik qiymətlərinin dəqiqləşdirilməsi ilə yanaşı, heterogen katalizatorların aktivliyinin qiymətləndirilməsi baxımından da böyük rol oynayacaq.

Mənbə : elementy.ru

bottom of page