Rekord sayda - 92 struktur vahidindən ibarət olan polisaxaridi

sintez etmək mümkün olub.

  Çinli alimlər çox mürəkkəb quruluşa malik olan və 92 monosaxarid hissədən ibarət olan polisaxaridi - arabinoqalaktanı sintez etməyə nail olublar. Optimallaşdırılmış metodika sayəsində gələcəkdə daha mürəkkəb birləşmələrin də sintezi mümkün ola bilər. Süni yolla sintez olunmuş polisaxaridlər həmçinin müxtəlif dərman preparatlarının sınaqdan keçirilməsində istifadə oluna bilərlər. Arabinoqalaktan vərəm çöplərinin hüceyrə divarının tərkibinə daxil olan komponentlərdən biridir və bu mənada onun tədqiqatlarda böyük rolu ola bilər.

  Pekin universitetinin professoru Ye Sin Şanın (Xin-Shan Ye) laboratoriyasının əməkdaşları laboratoriya şəraitində bu vaxta qədər sintez olunmuş polisaxaridlərdən quruluşca daha mürəkkəb və ölçücə daha böyük olanını sintez etməyə nail olublar.

  Rekordsmen maddə - arabinoqalaktan - 92 monosaxarid fraqmentdən təşkil olunmasından daha çox, "Mycobacterium tuberculosis" (vərəm çöpü) bakteriyalarının hüceyrə divarını təşkil edən əsas komponentlərdən biri olması ilə diqqəti cəlb edir. Vərəm əleyhinə preparat olan "etambutol" arabinoqalaktanın biosintezinə mane olaraq bu bakteriyaların böyüməsinin qarşısını alır. Bu baxımdan çinli sintetik-kimyaçıların nailiyyəti vərəm əleyhinə daha effektli preparatların hazırlanması və mikrobakteriyalarda hüceyrə divarının biosintezinin mexanizminin öyrənilməsində çox mühüm əhəmiyyətə malikdir.

  Məlumat üçün bildirək ki, bundan öncəki rekordsmen polisaxarid Maks Plank adına "Kolloid sistemlər institutu"nun direktoru Peter Zibergerin (Peter H. Seeberger) laboratoriyasında sintez olunmuşdu. Həmin vaxt Almaniyadan olan tədqiqatçılar 50 ədəd monosaxarid halqadan təşkil olunmuş xətti quruluşlu polisaxaridi sintez etməyə nail olmuşdular.

  Arabinoqalaktan Zibergerin polisaxaridindən təkcə monosaxarid fraqmentlərin sayının çox olması ilə deyil, həm də quruluşun daha mürəkkəb olması ilə fərqlənir. Çünki arabinoqalaktan zənciri daha çox şaxələnməyə məruz qalmışdır. Pekin universitetinin kimyaçıları bu cür mürəkkəb birləşməni əldə etməkdən ötrü bundan əvvəl işlənib hazırlanmış sintez metodlarından uğurla istifadə ediblər. Tədqiqatçılar sadə şəkərlərdən - arabinoza və qalaktozadan 5, 6 və 7 fraqmentli oliqosaxaridlərin sintezi metodlarını optimallaşdırmış, daha sonra əldə etdikləri 30 halqalı qalaktan (yalnız qalaktoza halqalarından təşkil olunmuş zəncir) və 2 ədəd 31 halqalı arabinan (yalnız arabinoza halqasından təşkil olunmuş zəncir) zəncirini sonuncu mərhələdə bir - biri ilə birləşdirməklə 92 fraqmentli arabinoqalaktanı sintez etməyə nail olmuşlar.

  Bütün bu sintez proseslərinin həyata keçirilməsinə kollektiv 2 il yarım vaxt sərf edib. Bu müddət ərzində cəmi 30 milliqram arabinoqalaktan əldə edilib.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now