
ATOM.
E.ə. 400 – cü ildə Demokrit belə bir ideya irəli sürdü ki, hər hansı bir maddəni sonsuz kiçik hissələrə parçalamaq mümkün deyil. Onu yalnız ən kiçik zərrəciklərinə - atomlara (atomos – yunanca bölünməz) qədər parçalamaq olar. Lakin o dövrdə elm Demokritin bu ideyasını yoxlayacaq və sübuta yetirəcək qədər inkişaf etməmişdi.
1808–ci ildə ingilis kimyaçısı C.Dalton atom - molekul nəzəriyyəsini tərtib etdi. Daltonun fikrincə, hər bir maddə ən kiçik, bölünməz zərrəciklərdən (atomlardan) ibarətdir və onlar nə yaradıla, nə də məhv edilə bilməz.
Atomun Tomson modeli. 19 – cu əsrin sonlarından başlayaraq fiziklər atomun daha kiçik zərrəciklərdən ibarət olduğuna dair sübutlar axtarmağa başladılar. Və 1895 - ci ildə ingilis alimi Kruks qaz boşalması ilə bağlı təcrübələr zamanı elektronu aşkar etdi. Elektronların çox kiçik kütləli və mənfi yükə malik zərrəciklər olduğu müəyyən edildi. Beləliklə, atomun təşkil olunduğu hissələrdən biri aşkar edildi. Bir halda ki, atom elektrik cəhətdən neytral (yüksüz) idi, onda alimlər belə qənaətə gəldilər ki, atomda elektronun yükünü neytrallaşdıran müsbət yüklü nəsə olmalıdır. Lakin ölçüsü 0,01 nm olan bir zərrəciyi hər hansı bir üsulla görmək, onun necə bir quruluşa malik olduğunu müəyyən etmək mümkün deyildi. Beləcə tədricən atomun müxtəlif modelləri təklif olunmağa başladı. İlk olaraq ən ağlabatan modeli 1898 - ci ildə C.Tomson təklif etdi. Tomsonun modelinə əsasən, atom – içərisinə mənfi yüklü elektronlar hopdurulmuş müsbət yüklü kürəcikdir. O, atomu kekslə müqaisə etdi və elektronları həmin keksin içərisində pərakəndə səpələnmiş kişmişlərə bənzətdi.
20 – ci əsrdə rentgen şüaları ilə aparılan bir sıra təcrübələr nəticəsində müəyyən edildi ki, atomun diametri - 2∙10⁻¹⁰ m (və ya 0,2 nm) civarındadır.
Atomların kütlələrinin qiyməti isə 10⁻²⁵ – dən 10⁻²⁷ kq – a qədər dəyişə bilir. Onları əksər hallarda atom kütlə vahidləri (a.k.v.) ilə ifadə edirlər. 1 a.k.v. = 1,661 ∙ 10⁻²⁷ kq - dır.
Tomsonun modeli təklif olunandan sonra alimlər onun doğruluğunu yoxlamağa başladılar. Bu model doğru idisə, onda metal folqa tərkibində elektronlar olan müsbət yüklü materialdır və alfa – zərrəcik seli istiqamətini dəyişmədən ondan rahatca keçməli idi. 1909 – cu ildə Rezerfordun əməkdaşları Heyger və Marsden bu fərziyyəni yoxladılar. Onlar müşahidə etdilər ki, gözlənildiyi kimi alfa – zərrəciklər qızıl folqadan rahatca keçirlər. Amma nə qədər təəccüblü olsa da, onlar onu da müşahidə etdilər ki, alfa – zərrəciklərin çox az bir hissəsi ( təxminən hər

8000 – dən 1- i) böyük bucaqlara meyl edir və bəzən hətta geri qayıdırdılar. Rezerford bu barədə deyirdi : “- Bu o dərəcədə inanılmazdır ki, sanki siz 15 düymlük mərmi ilə papiros kağızına atəş açırsınız, həmin mərmi isə istiqamətini dəyişərək sizə dəyir”. Rezerford belə bir nəticəyə gəldi ki, kütlə və müsbət yük atomun çox kiçik bir hissəsində - nüvədə toplanmalıdır. Belə ki, alfa – zərrəciklərin böyük bir hissəsi atomların nüvələri arasındakı boşluqlardan keçir və yalnız o zərrəciklər istiqamətini dəyişir ki, onlar nüvə ilə toqquşur. Bu, atomlarda boşluqların nə dərəcədə böyük yer tutduğunu izah edir. Sizə aydın olsun deyə, belə bir müqaisə edək : əgər yer üzərində olan bütün insanların bədənindəki bütün atomlardan boşluqları yığışdırsaq, onda onları bir alma ölçüsünə qədər sıxmaq olar.
Atomun planetar modeli. Beləliklə, Tomsonun modeli öz təsdiqini tapmadı. Bundan sonra 1911 - ci ildə Rezerford atomun yeni modelini təklif etdi. Bu modelə əsasən atomun mərkəzində "+" yüklü nüvə yerləşir, onun ətrafında isə "-" yüklü elektronlar müxtəlif orbitlər üzrə hərəkət edirlər. Rezerford öz modelini Günəş sisteminə bənzətdiyi üçün onu "planetar model" adlandırdı. Bu model artıq bir çox suallara cavab verdiyi üçün tezliklə hər kəs tərəfindən qəbul olundu. Lakin planetar model də bir müddət sonra aktuallığını itirməyə başladı. Elmin sürətli inkişafı ilə əlaqədar olaraq yeni problemlər və suallar meydana çıxdı. Belə ki, atom spektrləri və bəzi hadisələri bu model əsasında izah etmək mümkün olmadı. Buna baxmayaraq, Rezerford nüvənin və elektronların ümumi obrazını düzgün yaratmışdı.

Atomun Bor modeli. 1913 - cü ildə danimarkalı alim Nils Bor özündən bir müddət əvvəl (1911 - ci ildə) Maks Plankın hazırladığı "Kvant nəzəriyyəsi"nə istinad edərək atoma yeni model tətbiq etdi. Bundan bir müddət sonra Zommerfeld və digər alimlər N.Borun ideyalarını inkişaf etdirərək atomun kvant nəzəriyyəsini möhkəmləndirdilər. Hər şey Lui de Broylun zərrəciklərin də işıq fotonları kimi ikili təbiətə (dalğa və zərrəcik) malik ola biləcəyi haqda fərziyyə irəli sürməsindən və bu fərziyyənin təcrübi yolla təsdiqindən sonra daha da qəlizləşdi. Belə ki, atom və onu təşkil edən zərrəciklər klassik (relyativistik) mexanikanın qanunlarına tabe olmadığından, onların hərəkətini təsvir etmək üçün yeni nəzəriyyənin yaradılması zərurətə çevrilmişdi. Belə olan halda Ervin Şredinger, Verner Heyzenberq və Pol Dirak "Atomun dalğa nəzəriyyəsi"ni yaratdılar. Bu nəzəriyyədə artıq elektronlara təkcə zərrəcik kimi deyil, həm də dalğa kimi baxılır. Nəzəriyyənin sonrakı inkişafı yeni elm sahəsi olan Kvant mexanikasının yaranmasına təkan verdi.
Atom haqqında müasir təsəvvürlər məhz Kvant nəzəriyyəsi baxımından formalaşmışdır. Hal - hazırda da bu nəzəriyyə atomun təbiətini təsvir edən başlıca nəzəriyyə kimi bütün dünya ali məktəblərində tədris olunur.
