Bakteriyalarla mübarizədə yeni silah - polimer nanohissəciklər.

  Virusların xarici örtüyünü imitasiya edən polimer nanohissəciklər insan hüceyrələrinə zərər vurmadan, müxtəlif növ bakteriyaları məhv edə bilirlər. Nanohissəciklərin aktivliyi onların ölçüsü və formasından asılı olaraq dəyişir. Yeni tədqiqatın nəticələri gələcəkdə bakteriyalarda rezistentliyin inkişaf etməsinin qarşısını alaraq, mikroblarla mübarizə aparan preparatların istehsalına təkan verə bilər. Qeyd edək ki, rezistentlik - bakteriyaların özlərində antibiotiklərə qarşı müdafiə yaratmasıdır. Belə ki, hər yeni nəsil antibiotiklər kəşf olunduqca, bakteriyalarda da həmin antibiotiklərə qarşı müdafiə formalaşır. Bu da həmin preparatların effektivliyini aşağı salır. Buna qədər təbii mənşəli antimikrob peptidlərdən və bu peptidləri təkrarlayan polimer nanohissəciklərdən bakteriyalara qarşı preparatlar hazırlansa da, bu maddələrin ümumi bir çatışmazlığı var idi. Belə ki, həmin peptidlərin hidrofob fraqmentləri məməlilərin hüceyrələrinin də qılafını dağıdırdılar. Bu səbəbdən də onların istifadəsində məhdudiyyətlər mövcud idi.

  Texas Texnoloji Universitetinin tədqiqatçıları, Hyunqtsun Lianın (Hongjun Liang) rəhbərliyi ilə belə bir qənaətə gəliblər ki, bakteriofaqların (bakteriyaları məhv edən viruslar) zülallarında hidrofob fraqmentlər olmadığından, onların sintetik modelindən bakteriyalarla mübarizə aparacaq preparat hazırlamaq olar. Tədqiqatçılar bu məqsədlə 3 nanohissəcik əldə ediblər. Biri - diametri 8 nm olan kürəşəkilli, digəri - 7 nm diametrli və 18 nm uzunluqlu silindrik formalı, üçüncüsü isə - 7 nm diametrli və 70 nm uzunluqlu silindrik formalı nanohissəcik.

  Nanohissəciklərin forma və ölçüləri bakteriofaqların quruluşuna bənzədilmək məqsədilə seçilib. Aparılan tədqiqatlar göstərib ki, kürəşəkilli nanohissəciklər daha effektiv təsir göstərir. Escherichia coli bakteriyalarının 99% - nin məh edilməsi üçün 32 mkq/ml, staphylococcus aureus bakteriyalarının məhv edilməsi üçün 4 mkq/ml, bir sıra antibiotiklərə davamlı olan pseudomonas aeruginosa bakteriyalarının 99 % - nin məhvi üçün isə cəmi 2 mkq/ml bu preparatdan kifayət edir.

  Silindrik formalı nanohissəciklər isə kürəşəkillilərlə müqaisədə daha az effektiv olublar. Belə ki, məsələn, staphylococcus aureus bakteriyalarının 99% - nin məh edilməsi üçün ən azı 512 mkq/ml preparat tələb olunur. Bu da onun istifadəsində məhdudiyyətlər yaradır. Çünki bu miqdar preparat həm orqanizm üçün zərərlidir, həm də baha başa gəlir. Lakin adları yuxarıda sadalanan digər bakteriyalarla mübarizədə isə bu nanohissəcik də kürəşəkilli nanohissəcikdən heç də geri qalmır.

  Elektron mikroskop vasitəsilə çəkilmiş aşağıdakı şəkildə nümunənin (c) uzun silindrik (d), qısa silindrik (e) və sferik formalı (f) nanohissəciklərlə qarşılıqlı təsirinin nəticələri əks olunmuşdur. Escherichia coli bakteriyaların qılafının dağılması sferik və qısa silindrik formalı nanohissəciklərlə qarşılıqlı təsirin başlamasından 200 saniyə sonra  özünü göstərməyə başlayır.

  Aparılmış təcrübələr göstərib ki, hər 3 nanohissəcik insan eritrositləri üçün təhlükəsizdir və onların membranının dağılması və ya aqlyutinasiyasına (yapışması) səbəb olmur. Düzdür, hələ ki, bu preparatların klinik istifadəsindən danışmaq tezdir. Lakin tədqiqatçılar ümid edirlər ki, onların aldıqları nəticələr patogen mikroorqanizmlərlə mübarizədə böyük rol oynayacaq.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now