
Nano - borucuğa doldurulmuş ağ fosfor "çəhrayılaşıb".
Böyük Britaniyadan olan tədqiqatçılar kimyəvi cəhətdən aktiv olan ağ fosfor molekullarından ibarət zənciri karbondan hazırlanmış nano-borucuğa yerləşdirməyi bacarıblar. Bu molekullar bir - biri ilə reaksiyaya girərək "çəhrayı fosfor" adlandırılan polimer struktur əmələ gətiriblər. Yeni allotropik şəkildəyişmə fosforun kimyəvi xassələri haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.
Əvvəlcə onu deyək ki, allotropik şəkildəyişmə - eyni elementin atomlarının əmələ gətirdiyi müxtəlif quruluşlara malik olan bəsit maddələrdir. Belə şəkildəyişmələr quruluşuna, kimyəvi və fiziki xassələrinə görə fərqli ola bilirlər. Bu vaxta qədər fosforun üç : ağ, qırmızı və qara fosfor kimi adlandırılan şəkildəyişmələri məlum idi.
Kimyaçılar fosforun bir allotropik şəkildəyişmədən digərinə keçməsi üçün hansı şəraitin yaradılmasının lazım olduğunu bilsələr də, həmin prosesdə konkret olaraq atomların hansı dəyişikliyə uğradığı barədə təsəvvürləri yox idi. Fosforun allotropik şəkildəyişmələrinə maraq qara fosforun kəşf olunmasından 100 il sonra (2014), daha dəqiq desək, fosforinin - fosforun ikiölçülü strukturunun kəşf olunmasından sonra yenidən artıb.
London universiteti kollecinin professoru Kristof Zaltsman (Christopf G. Salzmann) və onun əməkdaşları ağ fosfor molekullarının hava ilə kontaktının qarşısını almaq məqsədilə onları karbondan hazırlanmış nano-borucuğa yerləşdirməyə qərar veriblər. Bu nano-borucuqlar karbonun allotropik şəkildəyişmələrindən biridir və daxili diametri 8,1 A (anqstrem) təşkil edir. Bu borucuğu bükülmüş qrafen kimi də nəzərdən keçirmək olar. Ağ fosforun belə borucuğa doldurulması kifayət qədər çətin işdir. Belə ki, bu məqsədlə karbon nano-borucuqları əridilmiş ağ fosforda uzun müddət "islatmaq" lazımdır. Bu proses ciddi yanaşma və səbr tələb edir. Çünki ağ fosfor bildiyimiz kimi havada öz - özünə alışır və kimyəvi cəhətdən də çox aktivdir.
Fosforun həqiqətən də nano-borucuğa doldurulduğunu sübuta yetirmək üçün bir sıra fiziki tədqiqat üsullarından, o cümlədən yüksək keyfiyyətli təsvirlər əldə etməyə imkan verən elektron mikroskopiyasından istifadə olunub.

Elektron mikroskop təkcə təcrübədə əldə olunan birləşmənin quruluşunu təsdiq etməyə deyil, həm də maraqlı bir müşahidəyə səbəb oldu. Belə ki, sən demə, təsvirin əldə edilməsi üçün istifadə olunan elektron seli ağ fosfor molekullarının bir - biri ilə tikilməsinə və zəncirvari strukturun əmələ gəlməsinə səbəb olub. Aşkar edilən yeni struktura "çəhrayı fosfor" adı verilib. Bu isə o məntiqlə edilib ki, alimlərin fikrincə bu zəncirvari struktur ağ fosforun qırmızı fosfora keçməsinin birinci mərhələsidir. Çox güman ki, nano-borucuqdan xaricdə çəhrayı fosfor molekulları bir - biri ilə birləşərək tikilmiş polimer - qırmızı fosforu əmələ gətirirlər.
Mənbə : elementy.ru