9 karbon atomundan ibarət diod yaradılıb.

  İspaniyalı alimlər sübut ediblər ki, nonadiin-1,8 üzvi birləşməsini molekulyar diod kimi istifadə etmək mümkündür. Dünyanın ən balaca diodu həm də çox effektivdir. Belə ki, o, bundan öncə kəşf olunmuş molekulyar diodlardan fərqli olaraq otaq temperaturunda çalışa bilir. 

  Müasir elektronikanın inkişafı cihazların və detalların miniatürləşdirilməsinə gətirib çıxarır. Elektron sxemlər gündən günə daha da kiçilir. Artıq molekulyar naqillər, molekulyar tranzistorlar və molekulyar diodlar kimi miniatür qurğular hazırlanması mümkündür.

  Barselona universitetindən İsmael Diez-Perezin (Ismael Díez-Pérez) tədqiqat qrupu silisium altlıq üzərinə yerləşdirilmiş bir ədəd nonadiin-1,8 molekulunun diod funksiyasını yerinə yetirə bildiyini nümayiş etdiriblər. Bu molekul cəmi 9 karbon atomundan və 12 hidrogen atomundan ibarətdir (C9H12). Bu mənada yaradılmış diod hətta molekulyar elektronikanın nöqteyi nəzərindən çox kiçik ölçüyə malikdir.

  Nonadiin-1,8 terminal diinlər sırasına aid olan maddədir. Diinlər - adından da göründüyü kimi, molekulunda iki ədəd üçqat C-C rabitəsi olan maddələrdir. Terminal diinlərdə isə üçqat rabitə carbon zəncirinin uclarında yerləşmişdir. Belə diinlər ilk dəfə olaraq XX əsrin ikinci yarısında sintez olunmuşdur və əsasən sintetik polimerlərin alınmasında tətbiq olunurdu. Makroskopik səviyyədə nə nonadiin-1,8 nə də onun həmcinsləri elektriki keçirmirlər. Bu səbəbdən tədqiqatçılar elektronun tunellənməsindən istifadə edərək molekulu keçirici kimi istifadə edə bildilər. 

  Diindən ibarət olan molekulyar diod qismən hidrogenləşmiş (tərkibində Si-H rabitələri olan) silisiumun səthinə yerləşdirilir. Bu proses Si-H rabitəsi ilə üçqat rabitələrdən birinin birləşməsi sayəsində mümkün olur (Bu reaksiya orta məktəbdə üçqat rabitələrin H-Cl ilə reaksiyası kimidir). Diinin digər ucundakı üçqat rabitə isə xarici elektronlarla elektrik kontaktının yaradılması məqsədilə boş qalır. Elə bu da, diin molekulunun əks tərəflərə hərəkət edən elektronlara qarşı (yəni altlığa doğru və ya ondan əks tərəfə) özünü müxtəlif cür aparmasına səbəb olur.

  Maraqlıdır ki, nonadiinə bəznər olan nonin-1 kimi molekullar elektrik keçiricisi rolunda çıxış edə bilmirlər. Görünür, nonadiinin tərkibindəki ikinci üçqat rabitə və ya ona birləşmiş hidrogen atomu sanki antenn rolunda çıxış edir və elektronların ötürülməsini asanlaşdırır.

  Qeyd edək ki, diod - elektrik cərəyanını yalnız bir istiqamətdə buraxan qurğudur və bu qurğu əksər elektron cihazların əsas hissələrindən biridir.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now