Alimlər ilk dəfə olaraq hidrogen rabitəsini görməyə və "hiss etməyə" nail olublar.

 

  "Science Advances " jurnalında dərc olunmuş məqalədə bildirilir ki, fiziklər ilk dəfə olaraq iki molekul arasında mövcud olan hidrogen rabitəsini ətraflı nəzərdən keçirməyə və onun möhkəmliyini dəqiq ölçməyə nail olublar. Belə qeyd olunur ki, bu kəşf gələcəkdə zülalların və DNT molekullarının quruluşunun öyrənilməsində böyük rol oynaya bilər.

  Tsukubedə (Yaponiya) yerləşən "Materialların öyrənilməsi milli institutu"nun alimi Şigeki Kavai(Shigeki Kawai) öz müsahibəsində bildirib : "cəmi bir proton və bir elektrondan ibarət olan hidrogen atomu ölçücə ən kiçik olsa da, kainatda ən geniş yayılmış elementdir. Eyni zamanda o, həm kimyaçılar, həm də fiziklər üçün böyük maraq kəsb edir. Hələ bu vaxta qədər biz molekulların tərkibində yerləşən ayrı - ayrı hidrogen atomlarını görməyə nail olmamışdıq. Hidrogen rabitələrinin enerjisi haqda əldə olunmuş ilkin məlumatlar DNT və polimer molekullarının üçölçülü quruluşunun müəyyən olunması baxımından çox böyük əhəmiyyətə malikdir."

  Su molekulları arasında yaranan hidrogen rabitələri onun yüksək qaynama temperaturunu, axıcılığını, eyni zamanda, zülal və DNT molekullarının qeyri adi xüsusiyyətlərini izah edir. Alimlər bu rabitələrin enerjisinin təxmini qiymətini çoxdan müəyyən etsələr də, elektron mikroskopların hidrogen atomlarını pis görməsi səbəbindən bu enerjinin dəqiq qiymətini müəyyən etmək mümkün olmamışdı.

  Yuxarıda qeyd olunan problemi aradan qaldırmaq üçün Kavai və onun əməkdaşları atom - qüvvə mikroskopunun iynəsini elə modifikasiya ediblər ki, o təkcə tədqiq olunan molekullarla deyil, həm də mikroskopun özü ilə rabitə əmələ gətirə bilsin. 

  Atom - qüvvə mikroskopunun əsasını metaldan hazırlanmış çox nazik iynə və ona bərkidilmiş tarım lövhəcik təşkil edir. Ucluq hər hansı nümunə üzərində hərəkət etdikdə bu lövhəcik titrəməyə başlayır və titrəyişlər xüsusi lazer vasitəsilə təsvirə çevrilir. 

  Buna qədər, 2012 - ci ildə Kavai və bir qrup isveçrə fiziki aromatik karbohidrogenlərdə karbon atomları arasındakı rabitəni görməyə nail olmuşdular. Onlar bu məqsədlə mikroskopun iynəsinin üzərini dəm qazı ilə örtmüşdülər. Çünki bu maddənin molekulları atomlar arasındakı rabitəni əmələ gətirən elektronların itələməsinə qarşı daha həssasdır.

  Bu tip təcrübələrin köməyi ilə tədqiqatçılar müəyyən etdilər ki, mikroskopun iynəsi ilə hidrogen atomları belə demək mümkünsə, "yuxarı" yönəlmiş aromatik karbohidrogen molekulları arasında hidrogen rabitəsinin yaranmasını şahidi olmaq olar. Belə ki, bu halda mikroskopun iynəsi yalnızca bir hidrogen atomu ilə qarşılıqlı təsirədə olacaq. Bunun da sayəsində hidrogen rabitəsinin yaranmasını müşahidə etmək və onun möhkəmliyini ölçmək mümkün olur.

  Bənzər təcrübələr aparmaq məqsədi ilə alimlər müxtəlif formalı molekullardan istifadə etməklə nəhayət ki hidrogen rabitəsinin fotoşəklini çəkməyə və onun kovalent rabitədən nə ilə fərqləndiyini anlamağa nail oldular. Alimlərin ölçmələrinə görə, bu hidrogen rabitəsinin möhkəmliyi təxminən 40 pikonyuton (nyutonun trillionda bir hissəsi), rabitənin təsir məsafəsi isə təxminən 300 pikometrdir.

  Ümumilikdə bütün bu qiymətlər nəzəri hesablamalarla üst - üstə düşür və həm də onu göstərir ki, belə rabitələrin əmələ gəlməsində elektrostatik cazibə qüvvələri və ya bizə məlum olmayan növ ion rabitəsi iştirak etmir. Kavai ümid edir ki, onun komandasının kəşfi gələcəkdə DNT molekulları və zülalların ilk "atom şəkil"lərini çəkmək yolunda böyük köməklik göstərəcək.

  Mənbə : sci-dig.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now