top of page

Raul qanunu. Məhlullar

  Raul qanunu. Məhlul – iki vəya daha artıq maddənin homogen (yəni bircinsli) qarışığıdır. Bir mayenin digər mayedə həll olması zamanı əmələ gələn məhlulun doymuş buxar təzyiqi həmin məhlulun komponentlərinin doymuş buxar təzyiqlərindən və qarışığın tərkibindən asılıdır. Maye qarışıqların tərkibinin ifadə üsullarından biri – onun komponentlərinin hər birinin molyar hissəsinin göstərilməsidir. Yəni , hər hansı iki AB maddələrinin qarışığında A maddəsinin molyar hissəsi aşağıdakı kimi ifadə olunur:

Məhlulun tərkibi

  BuradanA - komponentinin mol sayı, nB - B komponentinin mol sayıdır.

  AB mayelərinin qarışığı üzərindəki buxarın tərkibində bu mayelərin hər ikisi mövcuddur. Raul qanununa əsasən : “qarışığı təşkil edən hər bir komponentin doymuş buxar təzyiqi həmin komponentin molyar hissəsinin təmiz komponent üzərində olan doymuş buxarın təzyiqinə hasilinə bərabərdir.” Başqa sözlə :

Raul qanunu.JPG

  Burada, pA - A – nın doymuş buxar təzyiqi; pAᵒ - təmiz A komponenti üzərindəki doymuş buxar təzyiqi; xA - məhlulda A – nın molyar hissəsidir.

  Raul qanunu oxşar təbiətli maddələrin qarışıqlarına aid edilir. Belə maddələr bir qayda olaraq ideal məhlul əmələ gətirirlər. İdeal məhlul o məhlullara deyilir ki, həmin məhlulların əmələ gəlməsi zamanı nə həcm, nə  də entalpiya (istilik) dəyişikliyə məruz qalmır. Başqa sözlə, hər hansı iki A və B maddələri yalnız o zaman ideal məhlul əmələ gətirir ki, A – A, A – BB – B arasında mövcud olan molekullararası qarşılıqlı təsir qüvvələri bir – birinə bərabər olsun.

  Mayelərin qarışığı üzərindəki buxarın tərkibi  mayenin öz tərkibindən müəyyən qədər fərqli olur.  Belə ki, məhlulu təşkil edən komponentlərdən hansı daha uçucudursa, buxarın tərkibində həmin komponentin miqdarı üstünlük təşkil edəcəkdir. Buna həm də Konovalovun 1- ci qanunu (1881 - 1884) deyilir.

  Fraksiyalı qovma (distillə). Maye – maye qarışıqlarını ayırmaq üçün fraksiyalı qovma ( və ya fraksiyalı distillə) metodundan istifadə olunur. Bu metod qarışığı təşkil edən mayelərin qaynama temperaturlarının müxtəlif olmasına əsaslanır. Bu cür ayırmanı həyata keçirmək üçün tələb olunan qurğunun sxemi aşağıdakı şəkildə göstərilmişdir.

  Ayırma kolonkasında (2) yuxarı qalxan buxarla aşağı axan mayenin toxunması baş verir. Daha uçucu komponentlə zənginləşmiş qarışıq kolonkanın yuxarı hissəsinə qovulur. Burada termometr (3) onun qaynama temperaturunu qeydə alır. Ayrılma davam etdikcə temperatur artaraq növbəti uçucu komponentin qaynama temperaturu həddinə çatır. İkinci komponentin ayrılması üçün fraksiya qəbuledicisi (1) dəyişdirilir. Beləcə, bütün komponentlər öz qaynama temperaturlarında ayrılırlar.

  Fasiləsiz fraksiyalı qovma üsulu yanacaq istehsalında tətbiq olunur. Xam neft buxarlanır və hündürlüyü 30 – 60 metr, diametri isə 3 – 6 metr arası olan böyük ayırma kolonkalarına daxil olur. Benzin və kerosin kimi müxtəlif fraksiyalar kolonkanın müxtəlif hündürlüklərindən xaric olunur. Belə ki, qaynama temperaturu aşağı olan fraksiyalar kolonkanın yuxarı hissəsinə qalxır, yüksək qaynama temperaturlarına malik fraksiyalar isə aşağı hissədən xaric edilir.

Fraksiyalı_qovma.jpg
bottom of page