
İşıq saçan bitkilər yaradılıb.
Masaçusets Texnoloji İnstitutunun alimləri fantastika kimi səslənən ideyanın gerçəkləşdirilməsi yolunda böyük addım atıblar. Belə ki, onlar bitkiləri süni işıq mənbəyinə çevirə biliblər. Tədqiqatçılar xüsusi sintez olunmuş nanohissəcikləri bitkinin yarpağına yeritməklə onun təxminən 4 saat müddətində tutqun işıq saçmasına nail olublar. Güman olunur ki, metodu təkmilləşdirməklə gələcəkdə bitkilərin işıqlanma müddətini və işığın parlaqlığını artırmaq mümkün olacaq.
Masaçusets Texnoloji İnstitunun professoru Maykl Stranonun (Michael Strano) tədqiqat qrupu artıq uzun müddətdir ki, nanohissəciklər vasitəsilə bitkilərdə yeni xüsusiyyətlərin yaradılması istiqamətində çalışırlar. Məsələn, onlar “arabidopsis thaliana” bitkisinin hüceyrələrində fotosintezin effektivliyini 3 dəfəyə qədər artırmağa nail olublar. Bundan əlavə Strano və onun kolleqaları bitkiləri həm də hal hazırda elektrik cihazlarının gördüyü işləri görməyə məcbur edirlər. Buna misal olaraq ispanaq bitkisinin torpaqda nitrobirləşmələri müəyyən edə bilməsi xüsusiyyətini göstərmək olar.

Alimlərin üzərində çalışdıqları digər bir məsələ bitkilərin işıq mənbəyinə çevrilməsidir. Stranoya qədər bu məqsədlə yalnız genetik modifikasiya üsulundan istifadə olunurdu. Belə ki, bitkilərə ya işıq böcəklərinin işıq saçan zülal molekullarının sintezinə cavabdeh olan genləri, ya da ki, 6 müxtəlif genin birləşməsi olan operon “yeridilirdi”.
Həşəratların işıq saçmasına səbəb lütsiferaza adlanan fermentin sintezidir. Ferment lütsiferin adlanan maddənin oksigenlə oksidləşməsini təmin edir, nəticədə oksilütsiferin adlanan birləşmə əmələ gəlir və işıq ayrılır. Bitkilərin bu ferment vasitəsilə işıqlanmasına mane olan ən əsas səbəblərdən biri lütsiferazanın bitkinin konkret hissəsində lokallaşdırılmasının çətin olmasıdır. Belə ki, lütsiferin maddəsinin 400 mkmol/l qatılıqdan artıq miqdarı bitkilər üçün təhlükəlidir. Adi gözlə görünə biləcək lüminesensiyanın (işıq saçma) baş verməsi üçün isə ən azı 1000 mkmol/l qatılıq tələb olunur.
Qeyd olunan problemi həll etmək məqsədilə Maykl Stranonun tədqiqat qrupu işıqlanma üçün tələb olunan 3 reagenti lütsiferazanı, lütsiferini və A kofermentini bir nanohissəcikdə cəmləşdiriblər. Nanohissəciklərin bitkilərin yarpaqlarına yeridilməsi isə su mühitində aparılıb. Bu zaman bitkilər içərisində tələb olunan nanohissəciklər olan məhlula salınır və təzyiq tədricən artırılır. Nəticədə maddələr yarpaqdakı məsamələr vasitəsilə daxilə nüfuz edir.

İlkin təcrübələr vasitəsilə cəmi 45 dəqiqə müddətində işıq verən bitkilər hazırlanıb, daha sonra müddət 3,5 saata qədər uzadıla bilib. Bu müddətdən sonra lütsiferin maddəsi tükənir və işıqvermə bitir.
Mənbə : elementy.ru