Yeni, izotrop istilikkeçirən polimer yaradılıb.

  Masaçusets Texnoloji İnstitutunun kimyaçıları ilk dəfə olaraq istiliyi bütün istiqamətlərdə yaxşı keçirən plastik polimer yaradıblar. Polimer özünəməxsus yüngüllüyünü və plastikliyini saxlayır. Otaq temperaturunda onun istilikkeçirmə əmsalı isə 2,2 Vatt/K∙m olur ki, bu da qiymətcə qranitin istilikkeçirməsinə yaxındır və digər polimerləri 10 dəfə üstələyir.

  Hal - hazırda elmə məlum olan bütün növ polimerlər istiliyi pis keçirirlər ki, bu da onların bəzi sahələrdə, məsələn, kütləvi elektronika istehsalında tətbiqini çətinləşdirir. Polimerlərin istilikkeçirmə əmsalı təxminən 0,2 Vatt/K∙m - ə bərabərdir.

  Polimerlərin və digər amorf maddələrin (məsələn şüşə) istilikkeçirmə qabiliyyəti çox aşağıdır. Bu, onların molekullarının nizamsız düzülüşü və strukturu təşkil edən elementlərin molekulları arasında rabitənin zəifliyi ilə əlaqələndirilir. 

  Masaçusets Texnoloji İnstitutundan və Arqonn Milli laboratoriyasından olan alimlər təxmin etdilər ki, istilikkeçirən polimer adına uyğun maddələr əsas zəncirində cütləşmiş rabitələrə malik olan molekullar ola bilər. Onların bu barədə elmi məqaləsi bir müddət əvvəl "Science" jurnalında dərc olunub. Polimerlərdə cütləşmiş rabitələr sistemi ya birqat və ikiqat rabitələrin növbələşməsi hesabına, ya birqat rabitələrlə aromatik fraqmentin növbələşməsi hesabına, ya da ki, bu iki halın vəhdət təşkil etməsi hesabına yarana bilər.

  Cütləşmiş rabitələrə malik polimerlər iki səbəbdən yaxşı istilikkeçirmə qabiliyyəti göstərə bilər. Birincisi bu polimerlər möhkəm molekulyar zəncirlərə malikdir və onları lazımi istiqamətdə nizamlı quruluşa keçirmək daha rahatdır. İkincisi isə, qonşu polimer zəncirlərdə yerləşən birqat və ikiqat rabitələrlə aromatik fraqmentlər arasında molekullararası möhkəm  π-π örtülməsi yaranır ki, bu da istilik fononlarının bir zəncirdən digərinə keçməsini təmin edə bilər. Buna baxmayaraq, cütləşmiş rabitələri olan adi polimerlərin istilikkeçirmə əmsalları yenə də 0,2 Vatt/K∙m hüdudunda olur. 

  Qeyd olunan təcrübə zamanı alimlər eyni zamanda həm polimer zəncirlər arasında kimyəvi rabitələrin həm də qeyri - kimyəvi molekullararası qarşılıqlı təsirin əmələ gəlməsinə imkan verən metoddan istifadə ediblər. İdeyanın nə dərəcədə işlək olması politiofen üzərində yoxlanılıb. Bu polimer artıq uzun illərdir ki, günəş batareyalarının hazırlanmasında istifadə olunur.

 

 

 

 

 

 

 

 Təcrübə özünü doğruldub. Tiofenin törəməsi olan 3-heksiltiofenin polimerləşməsindən alınan poliheksiltiofen politiofenin digər törəmələri ilə müqayisədə 10 dəfə daha artıq istilikkeçirmə xüsusiyyətinə malik olub.

  Polimerin alınmasına gəldikdə isə, alimlər buxardan çökdürmə metodundan istifadə ediblər. Bu üsulla yüksək təmizliyə və nizamlı struktura malik polimerlər əldə etmək mümkündür. Bu məqsədlə vakuum kamerasına monomer - 3 heksiltiofen və onun oksidləşdiricisi FeCl3 buxarları yeridilib. Daha sonra monomerlərin soyuq altlıq üzərində fiziki adsorbsiyası həyata keçirilib. 

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now