top of page

Kimyəvi rabitənin maddənin xassələrinə təsiri.

  İon və kovalent rabitəli birləşmələrin xassələri. Əksər ion rabitəli birləşmələr suda həll olur. Onların məhlullarında sərbəst ionlar olur ki, bunun da sayəsində həmin məhlullar elektroliz oluna bilir. Kovalent rabitəli birləşmələrin böyük bir qismi isə suda həll olmur. Həll olduqda isə, məhlulda ayrı – ayrı molekullar şəklində mövcud olurlar. Kovalent rabitəli birləşmələr propanon və tetraxlormetan kimi kovalent rabitəli üzvi həlledicilərdə həll olurlar. Molekulyar kovalent birləşmələrin ərimə temperaturu əksər hallarda ion rabitəli birləşmələrin ərimə temperaturlarından aşağıdır. Bərk halda ion rabitəli birləşmələr güclü elektrostatik qarşılıqlı təsirin köməyilə birləşən ionlardan ibarətdir. Əksər molekulyar kovalent birləşmələr isə, bərk halda ayrı – ayrı molekulların toplusu kimi mövcud olur. Bu birləşmələrdə atomlar arasındakı rabitələr möhkəm olsa da, molekulları bir yerdə saxlayan qüvvələr zəif olduğu üçün onları dağıtmaq asandır. Bu səbəbdən molekullar bir – birindən asılı olmayaraq hərəkət edə bilir, yəni birləşmə maye hala daha asan keçir. Belə kovalent birləşmələr aşağı ərimə temperaturuna malik olur, onların çoxu isə otaq temperaturunda maye və ya qaz halında olur. Qeyd olunan səbəbdən bu maddələrin qaynama temperaturları da aşağıdır.

  Digər növ kovalent rabitəli maddələr isə ayrı – ayrı molekullardan təşkil olunmamışdır. Belə maddələr kovalent rabitə ilə birləşmiş, makromolekulyar struktur əmələ gətirirlər. Məsələn, almaz, bor nitrid (BN), silisium (IV) oksid, silisium karbid bu kimi maddələrdəndir. Makromolekulları birləşdirən güclü kovalent rabitələr bu birləşmələrin hətta ion rabitəli maddələrlə müqayisədə daha yüksək ərimə temperaturuna malik olmasına səbəb olur.

  Hidrogen rabitəsi və həllolma. Su – hidrogen rabitəsi ilə birləşmiş molekullardan təşkil olunmuşdur. Etanol kimi maddələr suda ona görə həll olur ki, bu maddələrin molekulları assosiatlarda su molekullarını əvəz edə bilirlər və etanol və su molekulları arasında hidrogen rabitəsi yaranır. Alkanların halogenli törəmələri, məsələn xloretan su ilə hidrogen rabitəsi əmələ gətirmirlər və onların suda həll olması azdır.

  Uçuculuq. Maye halda olan spirtlərin molekulları bir – birinə hidrogen rabitəsi vasitəsilə bağlanmışdır. Buxarlanma zamanı bu rabitələrin qırılmasına da enerji sərf olunur. Bu səbəbdən spirtlərin qaynama temperaturları molekul kütlələrinə görə onlarla müqaisə oluna bilən alkanların qaynama temperaturundan daha yüksəkdir. Maye halda, həmçinin aminlər də hidrogen rabitəsi əmələ gətirirlər.

bottom of page