
Maddənin maye halı.
Mayelərdə molekullar bir – birinə qazlarda olduğundan daha yaxın yerləşirlər. Buna sübut olaraq 1300 həcm buxarın kondensasiyasından 1 həcm suyun əmələ gəlməsini göstərmək olar. Qazın mayeyə çevrilməsi molekullar arasında cazibə qüvvələrinin yaranması nəticəsində baş verir. Bu qüvvələr molekulların kinetik enerjilərini üstələməlidirlər. Qazın soyudulması onun molekullarının kinetik enerjilərini itirməsi ilə müşayət olunur. Müəyyən bir məqamda qazlar elə temperatura çatırlar ki, həmin temperaturda artıq molekulların kinetik enerjiləri molekullararası cəzbetmə qüvvələrini üstələyə bilmir və nəticədə qaz mayeləşir.
Maddənin maye halı bərk hala daha yaxındır, nəinki qaz hala. Maye halda zərrəciklər bir – birindən bərk haldakına nisbətən daha aralı və nizamsız yerləşir. Bərk maddənin əriməsi adətən həcmin 10% artması ilə nəticələnir (Qeyd : su, bismut və çuqun istisna olmaqla.).
1 atm. təzyiqdə 1 mol mayeni buxara çevirmək üçün tələb olunan istilik miqdarına standart buxarlanma entalpiyası deyilir və ∆H°bux. ilə işarə olunur. 1 mol buxarın mayeyə çevrilməsi zamanı da elə həmin miqdarda istilik ayrılır. 1 atm. təzyiqdə 1 mol bərk maddəni mayeyə çevirmək üçün tələb olunan istilik miqdarına isə standart ərimə entalpiyası deyilir və ∆H°ər. ilə işarə olunur. Bu miqdar eyni zamanda mayenin bərk maddəyə çevrilməsi zamanı udulan istilik miqdarıdır. Standart ərimə entalpiyaları standart buxarlanma entalpiyalarından nəzərəçarpacaq dərəcədə fərqlənir. Buna səbəb odur ki, bərk haldan maye hala keçərkən molekullararası cazibə qüvvələri az dəyişikliyə uğrayır, nəinki maye haldan qaz hala keçiddə. Mayelər müəyyən həcmə malik olurlar və demək olar ki, sıxıla bilmirlər.
Maye halda molekullar arasındakı məsafə molekulların bir – birini cəzbetməsi ilə qonşu elektron buludlarının bir – birini itələməsi arasındakı balansa əsasən formalaşır. Mayelərdə molekullararası cəzbetmə qüvvələri elə də böyük deyil ki, onlar mayeyə müəyyən forma versinlər. Bu səbəbdən maye axıcılığa malikdir və doldurulduğu qabın formasını alır.
Qazlarda molekulların hərəkət sürəti böyük olduğundan, onlar diffuziya etmək qabiliyyətinə malikdirlər. Mayelərdə diffuziyanın sürəti qazlara nisbətən nəzərə çarpacaq dərəcədə azdır. Bərk maddələrdə isə bu sürət daha da azdır. Baxmayaraq ki, maye molekulları sürətlə hərəkət edirlər, onlar mayenin bir hissəsindən digərinə yerdəyişmə edə bilmirlər. Çünki, qonşu molekulları bir – biri ilə bağlayan cəzbetmə qüvvələri buna mane olur. Bununla belə, nadir hallarda tək – tək molekullar bu qüvvələri dəf edərək mayenin bir hissəsindən digər hissəsinə hərəkət edə bilirlər. Bu zaman diffuziya baş verir.

Bir halda ki, maye molekulları daim hərəkət edirlər, onların bəziləri maye fazanı tərk edərək buxar fazaya keçmək üçün kifayət qədər enerjiyə malik olurlar. Mayeni tərk edən molekulların enerjisi enerjinin orta qiymətindən nəzərə çarpacaq dərəcədə böyükdür və molekulun digər molekullar tərəfindən cəzbetmə qüvvələrini dəf etmək üçün kifayət edir. Mayedə qalan molekulların enerjisi isə mayeni tərk edən molekulların enerjisindən kiçikdir və elə bu səbəbdən də mayenin temperaturu azalır. Bir halda ki, temperaturun artması ilə yüksək enerjili molekulların sayı da artır, deməli buxarlanma sürəti də həmçinin artacaq.
Buxarlanma maye mövcud olduğu müddətdə davam edir. Lakin əgər maye qapalı qabdadırsa, buxar molekulları qabın divarları ilə toqquşur və onların bəziləri mayeyə geri qayıdırlar, yəni kondensasiya baş verir (şəkil).