Marsa mini kimya laboratoriyası göndəriləcək.

 2016 - cı ildəki missiyada uğursuluğa düçar olmasına baxmayaraq, ExoMars proqramının yaradıcıları cəhdlərini davam etdirirlər və artıq gələcək missiya üçün mini laboratoriya da hazırlayıblar. ExoMars adlı marsoxodun "Qırmızı planet"ə enişi iki ildən sonraya planlaşdırılır. Marsoxod kiçik kimya laboratoriyası ilə təchiz olunub ki, bu da Marsda həyat əlamətlərini axtarmağa kömək edəcək. Mürəkkəb quruluşa malik Mars üzvi molekul analizatoru (Mars Organic Molecule Analyzer və ya MOMA) adi ayaqqabı qutusu ölçüsündədir. Bununla belə, qurğu kütlə spektrometri ilə təchiz olunub ki, bu cihaz aminturşular kimi, canlı orqanizmlərdə rast gəlinən bir çox üzvi maddələri təyin etməyə imkan verəcək.

 ExoMars proqramı Avropa Kosmik Agentliyi və Rusiya təşkilatı olan "Roskosmos"un birgə layihəsidir. Əvvəldə qeyd edildiyi kimi, ExoMars proqramı çərçivəsində həyata keçirilən ilk missiya uğursuzluqla nəticələnib : enmə modulu olan "Skiaparelli" nəzarətdən çıxıb və "Qırmızı planetin" səthinə çırpılıb.

 ExoMars marsoxoduna yerləşdirilmiş kütlə spektrometri və bu tipli cihazlar Yerdə adi laboratoriyada bütov bir masanı tutur. Bu səbəbdən alimlər cihazın bütün komponentlərini kiçiltmək üçün bir xeyli çalışıblar.

  Mütəxəssislərin qarşılaşdığı digər bir problem isə qurğunun çirklənməsi idi. Belə ki, Yerdə üzvi molekullara demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bu səbəbdən qurğunun Yerdən olan birləşmələrlə çirklənməməsi və gələcək nümunələri çirkləndirməmələri üçün quraşdırılma tam steril şəraitdə həyata keçirilib.

  Marsoxod planetin səthinə endikdən dərhal sonra, Yerdən göstərişləri gözləmədən (siqnallar Yerdən Marsa 24 dəqiqəyə çatır) tam sərbəst olaraq aktiv axtarışlara başlaya bilər. Cihaz Mars torpağının alt təbəqələrindən nümunələr götürəcək, daha sonra isə onları spektroqrafik analiz üçün kiçik sobada və ya lazerin köməyi ilə qızdıracaq.

  "Bu, bu vaxta qədər həyata keçirilmiş missiyalardan ən həyəcanvericisidir. Bizdə iki metrlik qazma qurğusu var ki, bununla da biz Mars torpağının altdından nümunələr götürməklə orada həyat olub-olmamasını yoxlaya biləcəyik." - deyə, ExoMars layihəsinin meneceri Ebbi Hatti Reuters agentliyinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Planetin səthində Günəş radiasiyası çox güclüdür və şərait əlverişsizdir. Lakin torpağın altında, müəyyən dərinlikdə, hər hansı bir süxurun arasında su qalıqları və həyatın saxlanması üçün əlverişli şərait ola bilər.

  Mini laboratoriya uçuşqabağı baxışlardan keçirilib və Turinə (İtaliya) yola salınıb. Orada qurğu marsoxoda yerləşdiriləcək. Missiyanın göndərilmə vaxtı isə 2020-ci ilin iyul ayına planlaşdırılır. Raketin buraxılması Qazaxıstanın Baykonur kosmodromunda həyata keçiriləcək.

Mənbə : naked-science.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now