Bərk fazada gedən reaksiyalara havada olan su buxarı təkan verir ?

  Novosibir Dövlət Universiteti (NDU) və Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsindən olan tədqiqatçılar qlisinium monomalonatın bərk fazada gedən alınma reaksiyasının gedişatına suyun müxtəlif miqdarının təsirini öyrəniblər. Tədqiqatın nəticələri belə söyləməyə imkan verir ki, bəzi mexano-kimyəvi reaksiyaların gedişatına havanın rütubəti ciddi təsir edir.

  Mexano-kimyəvi reaksiyalar - iki və ya daha artıq bərk reagentin həlledicinin iştirakı olmadan, bir - birinə sürtülməsi hesabına gedən reaksiyalardır. Belə hesab olunur ki, bu cür reaksiyalar, zərərli və yanıcı həlledicilərin iştirakı ilə aparılan bəzi sənaye reaksiyalarını əvəz edə bilər. Bu tip reaksiyaların gedişatı barədə bir çox elmi izahatlar mövcuddur. Hal - hazırda ümumqəbul olunmuş fikir belədir ki, bərk maddələr arasında kimyəvi reaksiya həmin maddələrin zərrəciklərinin bir və ya ikitərəfli diffuziyası hesabına baş verir.

  Üzvi birləşmələrin mexano-kimyəvi reaksiyalarında maye fazanın necə əmələ gəldiyini araşdırmaq məqsədilə NDU və REA Sibir bölməsinin tədqiqatçıları qlisin aminturşusu ilə malon turşusunun reaksiyasını tədqiq ediblər. Bu reaksiya yalnız bir məhsulun - qlisinium monomalonat duzunun alınması ilə nəticələnir. Nə qədər gözlənilməz olsa da əmələ gələn monomalonat müəyyən qədər nəm idi, baxmayaraq ki, götürülən reagentlər nə solvat nə də hidrat deyildilər, yəni onların tərkibində maye yox idi. Eyni zamanda, reaksiya su iştirakı olmadan aparılırdı. 

  Sonrakı tədqiqatlar göstərdi ki, göstərilən kimyəvi reaksiyanın getməsində məhz su əsas rol oynayır. Belə ki, proses güclü suuducu maddə olan polivinilpirrolidon polimerinin iştirakı ilə aparıldıqda, reaksiya ümumiyyətlə başlamır. Aşağıdakı şəkildən göründüyü kimi, qlisin və malon turşusunun təmasda olduğu hissədə (dairə ilə göstərilib) maye faza əmələ gəlir.

  Tədqiqatın nəticələri göstərir ki, bir çox mexano-kimyəvi reaksiyaların aparılması zamanı mühitin rütubətlilik dərəcəsini, yəni havada olan su buxarının miqdarını nəzərə almaq lazımdır. Su buxarının hətta nisbətən az olduğu (60 % rütubət) halda belə, bu, reaksiyanın getməsinə kifayət edir.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now