top of page

Molekulyar kristallar və makromolekullar.

  Bəzi maddələrdə molekullar arasında zəif cəzbetmənin olması hesabına kristallik quruluş əmələ gəlir. Bu cür kristallara molekulyar kristallar deyilir. Yəni həmin bərk maddələr molekulyar quruluşa malikdirlər. Məlumdur ki, çox aşağı temperaturlarda hətta təsirsiz qazlar da bərkiyə bilir. Atomlar arasında Van der Vaals qüvvələrinin zəif olması səbəbindən, temperatur -170° C – yə çatdıqda bərk arqon əriməyə başlayır. Maye arqon isə, ayrı – ayrı atomlardan təşkil olunmuşdur. 

  Yod 30° C temperatura qədər molekulyar kristal formasında mövcud ola bilir. Yodun atomları arasında yaranan kovalent rabitə onun ikiatomlu molekul əmələ gətirməsinə səbəb olur. Bu molekullar arasında kovalent rabitədən dəfələrlə zəif olan Van der Vaals qüvvələri molekulların nizamlı yerləşərək düzgün formalı kristallar əmələ gətirməsinə səbəb olur. Kristallik yodu qızdırdıqda Van der Vaals qüvvələrinin zəifləməsi nəticəsində molekullar bir – birindən aralanmağa başlayır. Nəticədə yod bənövşəyi rəngli buxar halına keçir. Bu buxar ayrı – ayrı I2 molekullarından təşkil olunmuşdur. Qeyd edək ki, Xlor və brom da daha aşağı temperaturlarda oxşar quruluş əmələ gətirirlər.

  Makromolekullar. Bəzi bərk maddələr makromolekulyar quruluşa malikdirlər. Belə maddələri, atomları bir – birinə kovalent rabitə ilə bağlanmış bir ədəd nəhəng molekul hesab etmək olar. Makromolekulyar quruluşa misal olaraq, ən möhkəm materiallardan biri olan, karbonun allotropik şəkildəyişməsi – almazı göstərmək olar.

Kristallik  yod

  Almazda hər bir karbon atomu onu əhatə edən 4 karbon atomunun hər biri ilə rabitə (sp³ hibrid orbitallar hesabına) əmələ gətirir. Nəticədə çox böyük ölçülü və möhkəm makromolekulyar quruluş əmələ gəlir. Almaz 3500° C temperatura kimi bərk formada mövcud olur. Bu temperaturdan sonra isə maye hala keçmədən birbaşa qaz hala keçir.

  Silisium karbid (SiC)n və bor nitrid (BN)n də digər ən möhkəm materiallardandırlar. Bu maddələrin də quruluşu eynilə almazda olduğu kimidir. Bunlardan başqa silisium (IV) oksid də üçölçülü quruluş əmələ gətirir. Bu maddədə hər bir silisium atomu 4 oksigen atomu ilə əhatə olunaraq tetraedr əmələ gətirir, öz növbəsində, hər bir oksigen atomu isə 2 silisium atomu ilə əhatə olunur. Belə quruluşa kvarsda rast gəlinir. Kvars 1700° C – yə kimi bərk halda olur.

Almazın quruluşu
bottom of page