top of page
empreinte.jpg

 

Narkotik maddələrdən istifadə edənləri barmaq izlərindən müəyyən etmək mümkün olacaq.

 

 Sürrey Universitetindən olan alimlər müasir analiz metodlarından istifadə edərək, hər hansı bir şəxsin narkotik maddələrdən istifadə edib-etmədiyini barmaq izləri əsasında müəyyən edən test yaradıblar. Bu test hətta şəxs əllərini təmiz yuyarsa belə, dəqiq nəticə əldə etməyə imkan verir.

 Tədqiqatçılar barmaq izləri əsasında narkotik maddələrin aşkar edilməsi üçün yüksək həssaslıqlı kütlə spektrometrindən istifadə ediblər. Yeni test heroin, onun çevrilməsi olan 6-monoasetilmorfin və bu maddə ilə əlaqədar digər analitləri müəyyən edə bilir.

 Tədqiqat zamanı, narkoloji dispanserə müalicə üçün müraciət edən və son 24 saat ərzində heroin və ya kokain istifadə edən şəxslərin barmaq izləri götürülüb. Bundan sonra iştirakçılara əllərini təmiz yumaları bildirilib. Əllərini yuduqdan sonra onlardan yenidən barmaq izi götürülüb. Eyni proses, narkotik istifadə etməyən 50 nəfər üzərində də icra olunub.

 Barmaq izlərində insanların təmasda olduqları maddələrin hissələri qalıb. Hətta cüzi təmas nəticəsində də barmaq izlərinin arasında maddənin molekulları qalır. Bu maddələri analiz edərək tədqiqatçılar narkotik maddələrlə təmasda olmuş şəxsləri müəyyən edə biliblər.

 Alimlər onu da müşahidə ediblər ki, hər hansı insan, narkotik maddə istifadəçisi olmuş digər şəxsin əlini sıxdıqda belə, test müsbət nəticə göstərir.

 Yeni texnologiya çox perspektivli hesab olunur. Belə ki, onun vasitəsilə narkomanları və narkotik maddələrlə təmasda olmuş insanları müəyyən etmək mümkün olacaq. Bundan əlavə, test həm də insanın dərman qəbul edib-etmədiyini müəyyən etməyə imkan verir.

 Mənbə : naked-science.ru

bottom of page