2018 - ci il Kimya üzrə Nobel mükafatının sahibləri bəlli oldu.

  Bir neçə gün əvvəl İsveç Kral Elmlər Akademiyası Kimya üzrə 2018 - ci ilin Nobel mükafatçılarının adını açıqlayıb. Mükafatı 3 alim - amerikalı Frensis Arnold və britaniyalı alimlər Corc Smit və Qreq Uinter öz aralarında bölüşdürüb. Mükafatın yarısı Frensis Arnolda qismət olub. O, "fermentlərin istiqamətləndirilmiş təkamülü" üzrə apardığı tədqiqatlara görə laureat olub. Digər iki laureat isə mükafatın yerdə qalan 50% - ni bölüşdürüblər. Onlar "peptidlərin və antitellərin faqodispleyi" mövzusunda apardıqları tədqiqatlarına görə bu mükafata layiq görülüblər. Mükafata layiq görülən tədqiqatlar böyük tətbiqi əhəmiyyətə malikdir. Onların ümumi cəhəti isə bundan ibarətdir ki, bu tədqiqatların hər biri təbii bioloji təkamül yolu ilə insan üçün lazımlı olan zülal və peptidləri sintez etməyə imkan verir. Daha dəqiq desək, metod təbii dəyişkənliyin və süni seçmənin tətbiqinə əsaslanır. Mükafat əbəs yerə iki hissəyə bölünməyib. Belə ki, Frensis Arnoldun istifadə etdiyi tədqiqat metodları faqodispley üsulundan kəskin fərqlənir.

  Frensis Arnold ilk "qeyri-təbii" fermentini 1993-cü ildə almışdır. Onda alınan maddə subtilizin E fermentinin yeni versiyası idi. Proses aşağıdakı mərhələlərdən keçib. İlk mərhələ lazım olan təbii geni tapmaqdır. Bu zaman lazımi reaksiyanı zəif də olsa kataliz edə bilən zülal tapılmalıdır. Tapılmış gen plazmidaya (dairəvi DNT molekulu) yeridilib ki, onu bakteriyaların - bağırsaq çöplərinin köməyi ilə çoxaltmaq mümkün olsun. Bundan sonra iş bakteriyaların üzərinə düşür. Böyümə və bölünmə zamanı onlar plazmidanı çoxaldırlar və eyni zamanda bu plazmidada olan zülal da kopyalanmış olur və çoxalır. Bundan sonra zülal bakteriyalardan ayrılır və fermentativ aktivliyi test olunur.

  Frensis Arnold və onun təklif etdiyi metodu 20 ildən artıq müddətdir tətbiq edən tədqiqatçıların səyləri nəticəsində metod daha da təkmilləşdirilib və onun köməyi ilə bir sıra faydalı və effektiv fermentlərin əldə edilməsi mümkün olub. İstiqamətləndirilimiş təkamül metodu müasir formada aşağıdakı şəkildə göstərilmişdir.

  Faqodispley metoduna gəldikdə isə, bu metod 1985 - ci ildə Corc Smit tərəfindən işlənib-hazırlanmışdır. Metod bakteriyalarda çoxalan M13 bakteriofaqından istifadəyə əsaslanır. Faqodispley metodunun mahhiyyəti ondan ibarətdir ki, bakteriofaqın genomuna hər hansı, bizi maraqlandıran peptid və ya zülal fraqmentləri yerləşdirilir. Faqlar bakteriyaların tərbində çoxalır və bu əsnada da müəyyən qədər mutasiyaya uğrayırlar. Nəticədə, yoluxdurulmuş bakteriyaların tərkibindən faq hissəcikləri çıxarılır və beləcə biz ilkin olaraq ora yerləşdirilmiş peptid və ya zülalın bir neçə müxtəlif versiyasını əldə etmiş oluruq. Metodda bakteriofaqlardan istifadə olunduğuna görə adı da elə buradan götürülüb - faqodispley.

  3-cü laureat Qreq Uinterin qatqısı isə bundan ibarətdir ki, o, faqodispley metodunu müəyyən konkret antigenlərə qarşı antitel əldə etmək üçün adaptasiya edib.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now