top of page
nobel-chemistry-2020.jpg

 

2020-ci il Kimya üzrə Nobel mükafatının sahibləri bəlli olub.

 

 Cenifer Dudna və Emanuel Şarpantye 2020-ci il Kimya üzrə Nobel mükafatı laureatı olublar. Onlar CRISPR/Cas9 genom redaktəsi metodunun inkişafı istiqamətində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.

 

 CRISPR - mikroorqanizmlərdə qazanılmış təbii immunitet sistemidir. Onun sayəsində mikroorqanizmlər öz hüceyrələrinə daxil olmuş DNT və RNT tipli virusları zərərsizləşdirirlər. Bu sistemi tədqiq etməklə Dudna və Şarpantye onun iş prinsipini və quruluşunu müəyyən etməyə müvəffəq olublar. Onlar bu prosesin mexanizmini o qədər dəqiq aydınlaşdırıblar ki, onun analoqunu yaratmağa nail olublar.

 

 Laureatlar belə demək mümkünsə, bir növ "genetik qayçı" yaratmağa nail olublar. Bu üsulla istənilən canlının istənilən genini sadəcə kəsib çıxarmaq və ya onu digəri ilə əvəz etmək olar.

 

 Kəşf təsadüfən alınııb. "Streptokokkus pyogennes" növ bakteriyanı öyrənərkən, Şarpantye qədim mikrobların immun sisteminin (CRISPR/Cas9) bir hissəsi olan molekul aşkarlayıb. Bu immun sisteminin komponentləri viruslardan yaxa qurtarmaq üçün onların DNT-sini sanki qayçı kimi ikiyə bölürlər. Sonradan Şarpantye tədqiqatı Dudna ilə birlikdə davam etdirib. Alimlər bu "genetik qayçıları" elə proqramlaşdırıblar ki, onlar təkcə virusların deyil, istənilən canlının DNT-sini kəsə bilsinlər. O vaxtdan bəri bu metod elmin həm fundamental, həm də tətbiqi sahələrində geniş istifadə olunur.

 

 Onu da qeyd edək ki, koronavirus pandemiyası bütün sahələrdə olduğu ki, elm sahəsinə də öz təsirini göstərib. Belə ki, hər il 10 Dekabr (Alfred Nobelin vəfat günü) tarixində keçirilən Nobel mükafatının təqdimetmə mərasimi bu il olmayacaq. Medal və diplomlar laureatlara ya İsveçin müxtəlif ölkələrdəki səfirlikləri, ya da mükafatın ötən illərdəki qalibləri tərəfindən çatdırılacaq. Bununla yanaşı, qaliblərə adəti üzrə 10 milyon İsveç kronu ( təqribən 1 milyon dollar) məbləğində pul mükafatı da ödəniləcək.

Mənbə : sci-dig.ru

bottom of page