top of page
  • Orxan Məmmədov

Həyatın yaranmasının kimyəvi tərəfləri...

Updated: Feb 23, 2020


Yer kürəsinin yaşı təxminən 4,5 milyard il hesab olunur. Amma təbii ki, Yer bir planet kimi formalaşandan dərhal sonra onun üzərində həyat olmayıb. İlkin ən sadə canlı orqanizmin yaşı isə 3,7 (bəzi məlumatlara əsasən 4,1 ) milyard il kimi qiymətləndirilir. Bəs Yerdə həyat necə formalaşıb ? - bu sual artıq uzun illərdir alimləri düşündürür. Bu məsələ həmçinin müxtəlif dinlərdə müxtəlif cür öz əksini tapmışdır. Təkallahlı dinlərdə yaradılışın əsas subyekti kimi Allah göstərilir. Elmdə isə vəziyyət bir qədər başqadır.

Həyatın yaranması ilə bağlı bir çox fərziyyələr və nəzəriyyələr mövcuddur. Bu məqalədə sizi onlardan yalnız biri ilə, həyatın cansız təbiətdən kimyəvi yolla yaranması nəzəriyyəsi ilə tanış edəcəm.

Həyatın kimyəvi yolla yaranması fikrinə əsasən, Yer kürəsində qaynar su mühitində (bulyon adlandırılan) ilkin qeyri - üzvi molekullardan üzvi molekullar yaranmışdır. Sonrakı mərhələlərdə bu üzvi molekullar da tədricən daha mürəkkəb molekullar əmələ gətirmişdir. Bu proses, həmin mürəkkəb molekulların "özünü kopyalaya bilən" və ətraf mühitlə maddələr mübadiləsi apara bilən mürəkkəb birləşmələrə çevrilməsinə qədər davam etmişdir. Müasir dövrdə Yerdəki şərait bu proseslərin getməsinə imkan verməsə də 4 milyard il əvvəlki Yer kürəsində bu cür kimyəvi çevrilmələrin baş verməsi üçün tam münbit şərait (yüksək temperatur, UB- şüalar və s.) var idi.

1924 - cü ildə Oparin tərəfindən bu fikirlə bağlı nəzəriyyə təklif olunmuşdur. O, apardığı təcrübələr zamanı yüksəkmolekullu birləşmələrin məhlullarında "koaservant damcılar" adlandırılan və ətraf mühitlə maddələr mübadiləsi apara bilən, yüksək qatılıqlı, ayrıca zonalar yarana bildiyini müşahidə etdi. Həmin koaservant damcılar birləşərək koaservantlar (daha da böyüyəyərək) əmələ gətirmək xüsusiyyətinə malikdir. Oparinin fikrinə əsasən həyat öz başlanğıcını məhz bu tip koaservatlardan götürmüşdür. Bundan sonrakı mərhələ, aminturşuların və daha sonra zülalların formalaşması olmuşdur. Lakin, Oparinin nəzəriyyəsinin əsas çatışmayan tərəfi ondan ibarət idi ki, o özünü kopyalaya bilən (yəni nəsil artıra bilən) və gələcək nəsillərə irsi informasiyanın ötürülməsini təmin edən prosesi izah edə bilmirdi.

21 - ci əsrdə Oparinin nəzəriyyəsi tədricən arxa plana keçdi. Belə ki, ribozim adlanan maddələrin kəşf olunması ilə, həyatın yaranmasının yeni nəzəriyyəsi formalaşdı. Ribozimlər - özündə biokimyəvi reaksiyaların katalizatoru və irsi informasiyanın daşınması funksiyalarını birləşdirən RNT (ribonuklein turşusu) molekuludur. Başqa sözlə, ribozimlər DNT- nin və zülalların funksiyalarını yerinə yetirə bilir. Beləliklə, müasir təsəvvürlərə əsasən ilk orqanizmlər, məhz RNT - orqanizmlər olmuşdur. Bu orqanizmlərdə həmin bu ribozimlər eyni zamanda həm maddələr mübadiləsini təmin edir, həm də özünü kopyalayaraq belə demək mümkünsə, nəsil artıra bilirdi.

#kimyavəhəyat #qan

102 views

Recent Posts

See All
bottom of page