top of page
  • Orxan Məmmədov

Nüvə yanacağı nədir və necə əldə olunur ?

Updated: Feb 23, 2020


Müasir dövrdə elektrik enerjisinə olan tələbatın artması və bəzi yanacaq növlərinin tükənən olması yeni yanacaq növlərinə, xüsusilə nüvə yanacağına tələbatı artırır. Belə ki, SES-lər və İES-lər bu mənada nüvə yanacağı ilə müqaisədə daha az əlverişlidir. Nüvə yanacağı kimi əsasən radioaktiv element olan uran istifadə olunur. Belə ki, uran atomunun parçalanması nəticəsində enerji ayrılır.

Uran təbiətdə üç izotopun :U-234 (0,0055%) U-235 (0,72%) və U-238 (99,2745%) izotoplarının qarışığı şəklində tapılır. Bunlardan, nüvə yanacağı kimi istifadə olunan U-235 izotopudur. Göründüyü kimi, onun təbiətdə tapılan miqdarı o qədər azdır ki, bu, nüvə reaktorlarının işləməsi üçün kifayət deyil və belə olan halda uranı zənginləşdirmək lazımdır.

Uranın zənginləşdirilməsi dedikdə, uran-235 izotopunun ümumi qarışıqda faizlə miqdarının artırılması nəzərdə tutulur. Adətən AES - lərdə (Atom Elektrik Stansiyaları) 5% - ə qədər zənginləşmiş urandan istifadə etmək mümkündür. Lakin hətta uranın qatılığının bu miqdara qədər artırılması çox uzun müddətə başa gəlir. Uran yataqlarında əldə olunan uran sarı kek (U₃O₈) adlanan toz halına gətirilir.

Bundan sonra həmin sarı toz, zənginləşdirilmək üçün qaz sentrafuqalarına aparılır. Əvvəlcə U3O8 uran heksaflüoridə (UF₆) çevrilir. Bundan sonra Uran heksaflüorid qaz halına keçirilir və zənginləşdirilmə üçün ümumi uzunluğu bir neçə km-ya çatan setrafuqalara ötürülür. Uzun sürən ayrılma prosesinin köməyilə uran heksaflüorid lazımi miqdara gətirildikdən sonra o kimyəvi yolla uran(IV) oksidə (UO₂) çevrilir. UO₂ toz halında əldə olunur. Təbii ki, bu halda ondan reaktorlarda istifadə etmək mümkün deyil. Bu səbəbdən həmin tozu yüksək temperatur və təzyiqin köməyilə sıxaraq müəyən ölçülü həblər əldə olunur.

Bir çoxlarınıza yəqin ki, bu təəccüblü gəlir. Çünki filmlərdə adətən radioaktiv maddələri şüşə kolbanın içində işıq saçan rəngli maye kimi təsvir edirlər və siz də yəqin onu həmin cür təsəvvür edirdiniz.

Məhz bu həblər nüvə reaktorlarında istifadə olunur. Həblərin üzərindəki deşiklər reaktorda qızma nəticəsində onların deformasiyasını kompensasiya etmək məqsədilə qoyulur. Bundan sonra həmin həblər uzun metal boruların içinə doldurulur. Bu borular "istilik ayıran element" adlanır və reaktorların işini təmin edir.

Sonda isə, bu qurğular AES - lərə daşınır və uzun illər enerji mənbəyi rolunu oynayır və insanlığa xidmət edir.

#Radioaktivlik #uran #atomenerjisi #izotop

496 views

Recent Posts

See All
bottom of page