- Orxan Məmmədov
Bitki və heyvan qalıqlarının yaşı necə müəyyən olunur ?

Yəqin ki, bir çoxlarınız belə bir sual üzərində düşünmüsünüz: -Hər hansı bir balığın, dinozavrın, bitkinin, ümumilikdə desək canlının neçə min və hətta milyon il bundan öncə yaşadığı necə müəyyən olunur ? Bəziləri hətta iddia edir ki, bunlar hamısı alimlərin uydurmalarıdır və onlar heç cür o qədər qədimdə mövcud olan canlının dəqiq yaşını və nə vaxt nəslinin kəsildiyini müəyyən edə bilməz.
İlk olaraq onu deyim ki, xeyr, elm ictimaiyyətində adətən uydurmalar və fərziyyələr fakt kimi qələmə verilmir. Həqiqətən də, canlıların qalıqlarının yaşını kimyəvi analiz üsulları ilə müəyyən etmək mümkündür.
Bu məqsədlə istifadə olunan bir çox metodlar mövcuddur. Həmin metodlar dəqiqliyinə və analiz olunan qalıqlardan asılı olaraq dəyişir.
Hazırki dövrdə canlıların qalıqlarının yaşını müəyyən etmək üçün istifadə olunan ən etibarlı metodlardan biri - radioizotop (və ya radiometrik analiz) metodudur. Bu metod qalıqların tərkibində olan maddələrin radioaktiv izotoplarının miqdarının ölçülməsinə əsaslanır. Radioizotop metodunun müxtəlif növləri mövcuddur. Onlar bir-birindən dəqiqliyinə və ölçülən radioaktiv izotopun növünə görə fərqlənə bilir. Məsələn, radikarbon analizi yaşı 60000 ilə qədər olan qalıqları müəyyən etməyə imkan verdiyi halda, uran-quğuşun metodu bir neçə milyard illik qalıqları müəyyən edə bilir.
Bütün bu metodların mahiyyəti isə ondan ibarətdir ki, bəzi elementlərin adi, stabil izotopundan başqa, qeyri-stabil (parçalanmağa meylli), radioaktiv izotopu da mövcuddur. Və bu elementlərin, canlı orqanizmlərin tərkibinə daxil olan miqdarının müəyyən hissəsi də təbii ki, radioaktivdir. Belə olan halda, zaman keçdikcə bu radioaktiv izotoplar tədricən parçalanır və onların miqdarı azalır. Aşkar olunan canlının qalıqlarında qalan həmin radioaktiv izotopun miqdarı ilə onun ilkin miqdarı (bu isə adətən həmin canlının ölçüsündən və başqa parametrdən asılı olaraq təqribi müəyyən edilir.) müqaisə edilir, daha sonra həmin izotopun yarımparçalanma periodunu bilməklə qalıqların yaşı müəyyən edilir.