top of page
  • Orxan Məmmədov

Hidrogen metal halda ?!


Orta məktəb kimya kursundan məlumdur ki, hidrogen Dövri sistem cədvəlində eyni zamanda 2 xanada - həm 1-ci dövr 1-ci qrupda (qələvi metallarla), həm də 1-ci dövr 7-ci qrupda (halogenlərlə) yerləşdirilmişdir. Bu da təbii ki, onun ikili xassəsi ilə əlaqədardır. Belə ki, cəmi 1 ədəd s-elektrona malik olması və həmin elektronu da asanlıqla itirə bilməsi onun qələvi metallara (1s) daha bənzər olduğunu göstərir. Lakin digər tərəfdən, hidrogen həm də qeyri-metallar kimi özünə elektron birləşdirmə xassələrinə də malik olduğu üçün onu həm də halogenlərə bənzətmək olar. Adi halda hidrogen bildiyimiz kimi qaz halındadır.

Əvvəlcə onu qeyd edim ki, hər bir maddə 3 əsas aqreqat halında (bərk, maye, qaz) halında mövcud ola bilər. Sadəcə bir aqreqat halından (və ya fazadan) digərinə keçid üçün müəyyən şərait tələb olunur. Adətən bərk maddələri maye və qaz halına keçirmək üçün onları qızdırırlar. Məsələn, buzun əriməsi və daha sonra buxara çevrilməsi kimi. Əks prosesi - yəni qazları maye və bərk hala keçirmək üçün isə, onları yüksək təzyiqdə sıxır və soyudurlar. Buna misal olaraq hamımızın "maye qaz" kimi tanıdığı propanı göstərmək olar. Propan təzyiqin köməyi ilə sıxılaraq mayeləşdirilir və alışqanların içinə doldurulur. Qeyd olunan proseslər bütün maddələr üçün analojidir.

İlk dəfə 1935 - ci ildə hidrogenin metal hala keçirilməsinin mümkünlüyü fikri irəli sürüldü. Lakin o dövrkü texnologiya bunun üçün tələb olunan şəraiti yaratmağa qabil deyildi. Belə ki, hidrogenin metal hala keçirilməsi üçün təxminən 500 milyon atmosfer təzyiq lazım idi. Təsəvvür edin, hətta Yerin mərkəzində təzyiq bundan daha azdır !

Sonrakı illərdə alimlərin apardığı uğursuz təcrübələrdən sonra, 2017-ci ildə nəhayət ki, amerikan professor Ayzek Silvera və Ranqa Diaz buna nail oldular. Belə ki, onlar bu məqsədlə "almaz məngənələr" adladırılan xüsusi qurğudan istifadə etdilər. Bu qurğuda hidrogen atomları iki almaz arasında o qədər yüksək təzyiqlə sıxılır ki, o nəhayət metal formaya keçir.

Təəssüf ki, əldə edilmiş nümunə, təcrübə aparılan kameranın yüksək təzyiqə davam gətirməyərək dağılması nəticəsində itirilmişdir.

Onu da qeyd edim ki, hidrogenin metal halına həm də Yupiter, Saturn kimi giqant planetlərin alt təbəqələrində də rast gəlinə bilər. Çünki həmin yerlərdə bunun üçün tələb olunan fantastik təzyiq mövcuddur.

Qeyd : Şəkildə Yupiterin en kəsiyi təsvir olunmuşdur.

#hidrogen #metal #aqreqathalı

62 views

Recent Posts

See All
bottom of page