top of page
  • Orxan Məmmədov

Kimya üzrə Nobel mükafatı. İlk laureat.


Bu məqalədən etibarən qərara gəldim ki, Kimya elmi üzrə bu vaxta qədər verilmiş Nobel mükafatları, onları alan alimlər haqqında da məqalələr paylaşım.

İlk olaraq onu deyim ki, Nobel mükafatı kimyaçı, mühəndis Alfred Nobel tərəfindən təsis olunmuş və elmi nailiyyətlərə görə İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən ən ali mükafatdır. Bu mükafat 5 sahə : Kimya, Fizika, Fiziologiya və Tibb, Ədəbiyyat və Sülh sahələri üzrə təqdim olunur. Mükafatla təltif olunan hər bir laureata medal, diplom və pul mükafatı verilir.

Kimya elmi üzrə verilən Nobel mükafatları içərisində ən çox laureat (25 nəfər) Üzvi kimya sahəsi üzrə fəaliyyət göstərənlərdir. Mükafatın yaranma tarixindən bu günə cəmi 2 nəfər - almaniyalı alimlər Rixard Kun və Adolf Butenandt mükafata layiq görülsələr də, o zamankı Hitler hakimiyyəti onların bu mükafatla təltif olunmasına maneçilik törədib. Sonralar onlar medallar və diplomlarını alsalar da pul mükafatı onlara təqdim olunmayıb. Kimya üzrə iki dəfə Nobel mükafatı alan yeganə kimyaçı Frederik Senger olmuşdur.

Kimya üzrə ilk Nobel mükafatı 1901 - ci ildə təqdim olunub. Mükafatın ilk laureatı Hollandiyalı olan alim Yakob Hendrik Vant Hoff olmuşdur. O, "Məhlullarda kimyəvi dinamika və osmotik təzyiq qanunları"nı kəşf etməklə bu mükafata layiq görülüb.

Yakob Hendrik Vant Hoff 1852 - ci ildə Hollandiyanın Rotterdam şəhərində dünyaya göz açıb. Onun elmi fəaliyyətinin ən əhəmiyyətli hissəsi isə Almaniya ilə bağlıdır. Belə ki, o, 1895 - ci ildən etibarən Berlin universitetində professor vəzifəsində çalışıb və elə Nobel mükafatına da orada işlədiyi müddətdə layiq görülüb. Vant Hoff kimyanın yeni sahəsi Stereokimyanın yaradıcılarından biridir. Stereokimya - molekulların fəza quruluşunu və bu quruluşun maddələrin xassələrinə təsirini öyrənən sahədir. Bundan başqa, kimyanın digər bir qolu - Fiziki kimyanın da yaranması Vant Hoffun adı ilə bağlıdır. 1884 - cü ildə o, "Kimyəvi dinamika haqqında" kitabını çap etdirib. Bu kitabda Vant Hoff kimyəvi reaksiyalar zamanı molekulların çevrilmələrini molekulyar - kinetik nəzəriyyə baxımından izah etməyə çalışmışdır. Bundan başqa o, Boyl və Gey-Lyüssak qanunlarının, Klapeyron tənliyinin və həmçinin Avoqadro qanununun durulaşdırılmış məhlullara tətbiq olunmasının mümkünlüyünü təcrübi yolla sübut etmişdir.

Yuxarıda danışılanlardan başqa, Vant Hoffun adı bizə orta məktəb kimya kursundan da məlumdur. Belə ki, kimyəvi reaksiyaların sürətinə temperaturun təsirində Vant Hoff qaydası tətbiq olunur. Bu qaydaya əsasən : "Temperaturu hər 10 dərəcə selsi artırdıqda, reaksiyanın sürəti 2-4 dəfə artır."

#nobelmükafatı #kimyavəhəyat

83 views

Recent Posts

See All
bottom of page