top of page
  • Orxan Məmmədov

Maye kristallar


LCD monitorlar, planşetlər, elektron saatlar və digər elektron qurğular. Yəqin müasir həyatımızı onlarsız təsəvvür etmək çətindir. Elə bu səbəbdən də bu dəfəki məqalədə bu cihazların ekranlarının əsas tərkib hissələrindən biri - maye kristallar haqqında danışacam. Yeri gəlmişkən, bəlkə bəziləriniz bilmirsiz, LCD - liquid cristal display deməkdir və bu da tərcümədə maye kristal ekran mənasını verir. Bundan öncəki mövzumuz şüşə olmuşdu və onda öyrəndik ki, əslində şüşə bərk halda olsa da, müəyyən qədər axıcılığa da malikdir. Maye kristallar da adlarından göründüyü kimi, ikili xassəli maddələrdir. Yəni onlar həm mayelər kimi axıcılığa həm də kristal maddələr kimi müəyyən nizamlı struktura malikdirlər.

Maye kristalları ilk dəfə Fridrix Reynitzer aşkar etmişdir. O, müşahidə etmişdi ki, xolesterilbenzoat və xolesterilasetat kristallarının iki ərimə nöqtəsi mövcuddur. Lakin uzun illər kimyaçılar və fiziklər maye kristalların mövcudluğu fikrini qəbul edə bilmirdilər. Belə ki, bu maddələrin mövcudluğu maddənin 3 aqreqat halı (bərk, maye və qaz) olması haqda fikirlərlə ziddiyyət təşkil edirdi.

Maye kristallar özlərinəməxsus keçid temperaturuna malikdirlər və bu temperaturda tutqun maye faza əmələ gətirirlər. Yalnız bundan sonra tam olaraq əriyərək şəffaf mayeyə çevrilirlər. Tutqun maye faza axıcılığına və səthi gərilməsinə görə mayelərə, molekulların müəyyən qədər nizamlı yerləşməsi nəticəsində bəzi optik xüsusiyyətlərə malik olmasına görə isə kristallara bənzərdir. Məhz bu ikili xassəsinə görə ona maye kristal adı verilmişdir. Maye kristallar ərimə temperaturu ilə şəffaflaşma temperaturu arasındakı temperatur intervalında mövcud ola bilirlər.

Bütün növ maye kristallar üzvi maddələrdir. Maye kristallar 3 cür olur : smektik, nematik və xolesterik. Bu növlərin hər biri xassələrinə görə bir - birindən fərqlənir və hər birinin tətbiq sahəsi fərqlidir. Məsələn, xolesterik maye kristallardan temperatur sensoru kimi istifadə etmək mümkündür. Temperatur dəyişdikdə bu maddələrdə spiralın addımı və bununla əlaqədar əks olunan işığın rəngi də dəyişir. Bu dəyişmə bəzi xolesterik maye kristallarda hətta 0,1 dərəcə selsi intervalda baş verir ki, bu da çox həssas termosensorlar hazırlamağa imkan verir. Spektrin görünən zonasını əhatə edən bütün rəngləri 3 dərəcə selsi intervalla (bədən temperaturunda) keçən xolesterik efirlərin qarışığından dəri səthinin infraqırmızı termoqrafiya vasitəsilə öyrənilməsində istifadə olunur.

Rəqəmsal ekranlar nematik maye kristallardan hazırlanmışdır. Nematik faza axıcıdır. Eyni zamanda bütün maye kristalların molekulları polyardır. Bu səbəbdən molekulların yerini dəyişməsi üçün çox zəif elektrik sahəsi kifayət edir. Molekulların yerdəyişməsi isə eyni zamanda optik xassələrin dəyişməsinə səbəb olur ki, bundan da informasiyanın (telefonların, saatların ekranlarında və s.) əks olunması üçün istifadə etmək mümkündür.

#maye #aqreqathalı #kristal #ərimə #kimyavəhəyat

365 views

Recent Posts

See All
bottom of page