- Orxan Məmmədov
Radiasiya necə öldürür ? Radioaktivlik haqda bilmədikləriniz.

Radiasiya və radioaktivlik haqqında bir çoxlarınız yəqin ki, az da olsa eşitmisiniz. Çernobılda, Fukusimada baş verən qəzalar, Herosima və Naqasaki şəhərlərinə 1945 - ci ildə atılmış bombalar və s. Və bilirsiniz ki, bu nədirsə çox təhlükəli bir şeydir. Hərçənd bizim ölkədə belə bir təhlükənin yaranma ehtimalı çox azdır. Çünki bizdə nə nüvə silahı, nə də AES (atom elektrik stansiyaları) mövcud deyil. Buna baxmayaraq, düşündüm ki, bu mövzuda məqalə hazırlasam çoxunuza maraqlı olar.
Əvvəla onu deyim ki, radioaktivlik (bax !) - bəzi maddələrin atomlarının daha yüngül atomlar əmələ gətirməklə parçalanmasıdır. Məsələn uran, plutonium, torium kimi elementlərin atomları radioaktivdir. Bu o deməkdir ki, onların atomlarının nüvələri stabil deyil və parçalanmağa meyllidir (səbəbi daha ətraflı burada). Belə parçalanma zamanı radioaktiv elementin atomu özündən ya zərrəcik (neyron, proton və ya elektron), ya da müxtəlif növ elektromaqnit şüaları buraxır.
Radioaktiv şüalanmanın insan orqanizminə təsiri yalnız 1945 - ci ildə Yaponiyanın Herosima və Naqasaki şəhərlərinə atom bombasının atılmasından sonra öyrənilməyə başladı. Məsələ burasındadır ki, bomba şəhərə atıldıqdan sonra sağ qalan insanlar xəstəxanalara bədənlərində şişlərin, sağalmaz yaraların yaranması, saçlarının tökülməsi, ürəkbulanma və başgicəllənmə şikayətləri ilə müraciət etməyə başladılar.

Müayinələrdən sonra məlum oldu ki, həmin insanlar radioaktiv şüalanmaya məruz qalıblar. Yaxşı bəs radiasiya konkret olaraq necə xətər yetirir ?
Yuxarıda qeyd etdiyim kimi, radioaktiv şüalanmanın əsas hissəsini ya kiçik zərrəciklər, ya da müxtəlif növ (qamma, rentgen və s.) elektromaqnit dalğalar təşkil edir. Baxmayaraq ki, onların ölçüsü çox kiçikdir, onlar hüceyrə səviyyəsində ciddi fəsadlara gətirib çıxarırlar. Hər şey ən kiçikdən başlayır. Əvvəlcə havada yüksək sürətlə (10000 km/san - dən artıq) hərəkət edən zərrəciklər canlı hüceyrələrin irsi məlumatlarının saxlandığı xromosomun DNT zəncirini təşkil edən molekulların atomları ilə toqquşur. Nəticədə həmin atomların nüvəsini və ya elektronlarının sayını dəyişir, yəni onu başqa maddənin atomuna çevir. Bu da təbii ki, həmin DNT zəncirinin özünün dəyişməsinə səbəb olur. Bir halda ki, hüceyrənin bölünməsi birbaşa xromosomlarla və DNT zənciri ilə əlaqədardır, onda aydın məsələdir ki, DNT - si pozulmuş hüceyrə normal bölünə bilməyəcək. Və ya bölünsə də, bölünmə nəticəsində özünə bənzər deyil, orqanizmə tamamilə yad, mutasiya olmuş və bədxassəli hüceyrələr əmələ gətirəcək. Əlbəttə, şüalanmanın dozası aşağı olduqda, bu elə də təhlükəli deyil. Amma təsəvvür edin ki, eyni anda 1000 - lərlə belə hüceyrələr yaranarsa nə baş verər.
Eyni zamanda, atomlardan qopmuş elektronların sərbəst radikal kimi digər maddələrlə - yağlar, zülallar, karbohidratlar və s. ilə qarşılıqlı təsirdə olması nəticəsində onlar hüceyrəyə lazım olan maddələrə deyil, bir növ zəhərə çevrilirlər. Şüalanmanın dozası lap yüksək olduğu hallarda isə hətta orqanizmin bəzi orqanları işini dayandıra da bilər. Ümumilikdə, radiasiya insan orqanizmində leykoz, müxtəlif orqanların bədxassəli şişləri (xərçəng), katarakta və s. xəstəliklərə səbəb ola bilir.
Görün ölçüləri bu qədər kiçik olan zərrəciklər canlı orqanizmə nə dərəcədə böyük zərər vura bilir. Bu yerdə lap milli tapmacamız yadıma düşdü : "Bapbalaca boyu var, dam dolusu toyu var..."
Radiasiyadan qorunmağın əsas çətinliyi isə ondan ibarətdir ki, onu gözlə görmək və ya hər hansı hiss orqanı vasitəsilə hiss etmək mümkün deyil. Siz bir neçə saat radiasiya təsiri altında ola bilərsiz, ama bunu yalnız bir müddət sonra hiss edərsiniz.
#nüvəsintezi #şüalanma #Radioaktivlik #izotop #atomenerjisi #kimyavəhəyat