- Orxan Məmmədov
"Müəllim, mən başa düşmədim...". Kimya niyə bu qədər çətindir ?
Updated: Sep 21, 2021

Hamımız şagird olmuşuq. Və hər bir şagirdin də mütləq sevdiyi və xoşuna gəlməyən fənnlər var. Mən məsələn, humanitar fənnlərlə heç "yola getmirdim". Əvəzində riyaziyyata sonsuz həvəsim və sevgim var idi. Elə şagirdlər də var ki, onlar əksinə, tarix, ədəbiyyat kimi fənnlərə sevgi bəsləyir. İnsanların uşaqlıqdan müxtəlif sahələrə meyl etməsi çox normaldır. Amma elə fənnlər də var ki, onlar belə demək mümkünsə, şagirdlərin "qara siyahı"sındadır. Həmin fənnlər hamıya çətin gəlir, heç kim onu başa düşmür və elə bu səbəbdən də oxumaq istəmirlər. Belə fənnlərdən biri və elə bəlkə də birincisi kimyadır.
Nə qədər qəribə səslənsə də, özüm hal hazırda kimya müəllimiyəm və mənim də orta məktəbdə bu elmdən yumşaq desək, elə də xoşum gəlmirdi. Heç bir reaksiya, heç bir kimyəvi anlayış beynimə girmirdi. Düzdür, sonralar möcüzəvi bir şəkildə kimyanı qavramağa başladım və nəticədə elə kimyaçı oldum. Müəllim kimi fəaliyyətə başlayandan sonra isə özüm orta məktəbdə oxuyarkən müşahidə etdiyim tendensiyanın hələ də davam etdiyinin şahidi oldum. Şagirdlərimdən kimya barədə fikirlərini soruşanda - "müəllim, çox çətindir...", "müəllim, mən başa düşmürəm...","müəllim, reaksiyaları əzbərləmək olmur" kimi ifadələr eşidirəm. Yaxşı, bəs görəsən səbəb nədədir ?
Əlbəttə, ömrünün azı 20-25 ilini müəllimliyə həsr etmiş pedaqoqlarımızın da fikirlərini bilmək və bu məqalədə paylaşmaq maraqlı olardı. Amma hal - hazırda elə bir imkanım olmadığında görə, sizinlə yalnız öz fikirlərimi bölüşəcəm.
1. Mücərrəd təsəvvürün və məntiqin vacibliyi. Deməli, ilk öncə onu deyim ki, bütün texniki-təbiət elmləri kimi, kimyanı anlamaq üçün müəyyən qədər mücərrəd təsəvvür və məntiqi təfəkkür tələb olunur. İnsan beyninin bu funksiyasını isə bildiyimiz kimi, uşaqlıqldan aktivləşdirmək lazımdır. Belə ki, izah olunan bəzi anlayışları (atom, molekul, elektron və s.) mütləq təsəvvürdə canlandırmaq tələb olunur. Əgər şagird bunu bacarmırsa, əlbəttə ki, deyilənlər ona yadplanetli danışığı kimi gələcək. Bu problemi aradan qaldırmaq üçün düşünürəm ki, ən yaxşı yol, onların təsəvvürlərində canlandıra bilmədiklərini onlar üçün realda canlandırmaqdır. Heç olmazsa, video təsvirlər və animasiyalar formasında.
2. Təcrübələrin nümayişi. Təcrübələr sayəsində yaranmış bir elmi insanlara təcrübələr aparmadan, yalnız kağız üzərindən izah etməyə çalışmaq, el dili ilə desək, "iynə ilə gor qazmaq" kimidir. Təsəvvür edin ki, siz şagirdə "gümüş güzgü" reaksiyası haqqında danışırsınız, və həvəslə, dolğun cümlələrlə gümüşün şüşə kolbanın dibində necə güzgü əksi yaratdığını təsvir edirsiniz. Və belə məqamda əgər şagirdlər konkret olaraq bu reaksiyanı görməyiblərsə, onda onların hərəsi bir şey təsəvvür edəcək. Bəziləri isə ümumiyyətlə, bu prosesin nə demək olduğunu və güzgünün reaksiyaya nə dəxli olduğunu anlamaqda çətinlik çəkəcək. Əlbəttə bütün reaksiyaları və təcrübələri aparmaq üçün tam təchiz olunmuş laboratoriya hər məktəbdə olmadığı üçün, məncə bu dəfə də yenə video təsvirlərlə problemi az da olsa aradan qaldırmaq olar.
3. Əzbərçiliyə YOX ! Yalnız Qanunauyğunluqlar. Əzbərlənən material (özü də kimya kimi çətin) tez bir zamanda unudulur. Bu səbəbdən düşünürəm ki, kimyəvi anlayışları mütləq qanunauyğunluqlarla və bir - birilə əlaqəli şəkildə izah etmək lazımdır. Belə olanda şagird artıq reaksiyanın məhsullarını əzbərləməyəcək, sadəcə reaksiyaya girən maddələri yadda saxlayıb, cavabı özü yazmağa çalışacaq. Axı o mahiyyəti bilir...
4. Onlara göstərin ki, kimya həqiqətən də maraqlıdır. Nəzəriyyə, düsturlar, reaksiya tənlikləri, hesablamalar... Elm yalnız bunlardan ibarət deyil. Bu fikri şagirdlərə aşılayın. Onlarda öyrənməyə meyl yaradın. Bu meyl onları araşdırmağa sövq edəcək. İnsanın özünün öyrəndikləri heç vaxt unudulmur. Albert Eynşteynin sözü olmasın, "Bilik - məktəbdə sizə keçilənləri unutduqdan sonra, beyninizdə qalanlardır..."