- Orxan Məmmədov
Qocalma əleyhinə preparat - Nikotinamid ribozid...

Alimlərin uzun müddətli müşahidələrinə əsasən gəldiyi nəticə budur ki, qəbul edilən kalorilərin məhdudlaşdırılması fizioloji qocalma əlamətlərini aradan qaldıra bilər. Meyvə milçəkləri, həlqəvi qurdlar, gəmiricilər və hətta bəzi insanlar üzərində aparılan təcrübələr göstərib ki, gündəlik istifadə olunan kalorinin 1/3 hissə azaldılmasının sağlamlığa böyük xeyri var və hətta qocalmanın qarşısını da ala bilər. Səhiyyə təhlükəsizliyi baxımından insanlara az yeməyi məsləhət görmək düzgün olmazdı. Lakin Kolorado Universiteti alimlərinin yeni araşdırmalarına əsasən, insanlar gündəlik olaraq təbii dietik əlavə - nikotinamid ribozid istifadə etdikdə, həmin maddə qidanın kaloriliyini aşağı salır və beləcə sağlamlığa faydalı olur. Preparat eyni zamanda arterial təzyiqi də normaya salır, xüsusilə də hipertoniyadan əziyyət çəkən xəstələrə faydalıdır.
Baş müəllif, inteqrativ fiziologiya bölməsinin tədqiqatçısı, professor Duq Silsin sözlərinə görə, bu preparat insanlar üzərində bu vaxta qədər sınaqdan keçirilən yeganə maddədir. "Biz müşahidə etdik ki, bu maddə orqanizm tərəfindən yaxşı mənimsənilir və görünür ki, kalori məhdudlaşdırılması kimi digər bioloji mexanizmləri aktivləşdirir." - deyə tədqiqat müəllifi bildirib.
Nature Communications jurnalında dərc olunan tədqiqatda Sils və digər aparıcı müəllif Kris Mertens tərəfindən Bouldlerdən olan 55 - 75 yaşlarında 24 sağlam, arıq qadın və kişi üzərində araşdırma aparılıb.
İştirakçılara 6 həftə ərzində plasebo, bundan sonra isə gündə iki dəfə 500 mq dozalı nikotinamid ribozid xlorid (NİAGEN) preparatı verilib. Digər qrup isə əksinə, 6 həftə ərzində qeyd olunan preparatı, sonra isə plasebo qəbul ediblər. Hər müalicə peridounun sonunda alimlər pasientlərdən qan analizi götürüb və fizioloji ölçmələr aparıblar. İştirakçılar heç bir narahatlıq hiss etmədiklərini qeyd ediblər.
Məlum olub ki, nikotinamid ribozidin 1000 mq-lıq dozası digər bir maddə - nikotinamid adenin dinukleotidin (NAD+) miqdarını 60-% artırır. NAD+ maddəsi sirtuin adlanan fermentin aktivləşməsini təmin edir. Bu ferment orqanizmdə metabolizm proseslərinin həyata keçməsində iştirak edir, ama yaşa dolduqca miqdarı azalır.
Alimlər güman edirlər ki, orqanizm kalori məhdudlaşdırılması ilə qarşılaşdıqda, təkamül prosesində qazanılmış sağ qalma mexanizmi vasitəsilə NAD+ miqdarını tənzimləyir.
"Məsələ burasındadır ki, yaşlı insanları nikotinamid ribozidlə təmin edərkən biz nəinki qocalma prosesində itirilən komponentləri (NAD+) qoruyuruq, eyni zamanda bədənin stressdən qorunmasına xidmət edən fermentlərin aktivliyini artırırıq" - deyə Mertens bildirib.