top of page
  • Orxan Məmmədov

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

Updated: Dec 9, 2020


Dövri sistem cədvəlində yerləşən kimyəvi elementərin adlarının müxtəlif yaranma tarixi var. Onların bəziləri elə öz dilimizdə (dəmir, mis, qızıl, gümüş və s.) ifadə olunur. Elə elementlər də var ki, onların adları coğrafi adlardan əmələ gəlib. Düzdür, bu elementlərin də hamısını müəyyən etmək mümkün deyil. Belə ki, onlardan bəzilərinin adları konkret toponimlərlə əlaqəli olsa da, digərlərinin adları qədim latın dilindədir. Bu məqalədə onların bəziləri ilə tanış olacağıq.

Evropium (Eu) - Avropa qitəsinin şərəfinə adlandırılmışdır. Fransız kimyaçısı Ejen Demarse tərəfindən kəşf edilib və adlandırılıb.

Amersium (Am) - 1944 - cü ildə Çikaqo Universitetində süni yolla əldə olunub. Amerikanın şərəfinə adlandırılıb.

Berillium (Be) - Berill mineralının şərəfinə adlandırılıb. Bu mineralın adı isə öz növbəsində, zümrüd mədənləri ilə məşhur olan Hindistan şəhəri Belurun adı ilə adlandırılmışdır. Maraqlıdır ki, ilk əvvəllər berillium "Qlisium" adlanırdı ki, bu da yunancadan tərcümədə "şirin" deməkdir.

Berklium (Bk) - Adını kəşf olunduğu Berkli şəhərindən götürüb.

Qallium (Ga) - Latın mənşəli "Qallia" sözündən götürülüb. Latınca Fransanın adı məhz belədir. Element 1875 - ci ildə fransız kimyaçısı, Pol Emil Lekok de Buabodran tərəfindən kəşf edilmişdir.

Hafnium (Hf) - Danimarkanın Kopenhagen şəhərinin şərəfinə adlandırılıb. Latıncadan tərcümədə "Hafnia" Kopenhagen mənasını verir.

Germanium (Ge) - Elementi kəşf edən alim Klemens Vinklerin vətəni Almaniyanın şərəfinə adlandırılıb.

Holmium (Ho) - Stokholm şəhərinin qədim adı - Holmiya - şərəfinə adlandırılıb. Element 1879 - cu ildə məhz həmin şəhərdə aşkar edilmişdir.

Dubnium (Db) - Rusiyanın Moskvaətrafı şəhəri Dubnanın şərəfinə adlandırılıb. 1970 - ci ildə həmin şəhərdə kəşf olunub.

Lutesium (Lu) - Paris şəhəri öncələr Lutesiya adlandırlıb. Elementin adı da buradan götürülüb. Kəşf edən isə, fransız kimyaçısı J. Urbendir.

Magnezium (Mg) - Elementin adı Kiçik Asiyada yerləşən qədim Magneziya şəhərinin adından götürülüb. Bu şəhərin ətrafında maqnezit minerallarının yataqları mövcuddur.

Polonium (Po) - Məşhur alim Mariya Kürinin vətəni, Polşanın şərəfinə adlandırılıb.

Skandium (Sc) - Çoxlarınızın təxmin etdiyi kimi, Skandinaviya yarımadasının şərəfinə adlandırılıb.

Argentium (Ag - gümüş) - Bu elementi isə sona saxladım ki, maraqlı bir faktı nəzərinizə çatdırım. Məsələ burasındadır ki, element heç də Argentinanın şərəfinə bu cür adlandırılmayıb. Əksinə, ölkənin adı gümüşün şərəfinə qoyulub. Elementin adı isə "arqos" sözündən götürülüb ki, bu da yunancadan tərcümədə "parlaq" deməkdir.

#element #izotop #kimyavəhəyat #məktəbkimyası

1,021 views

Recent Posts

See All
bottom of page