top of page
  • Orxan Məmmədov

Dünyanın ən radioaktiv gölü - Karaçay...


İnsan övladının təbiətə və ətraf mühitə vurduğu zərər hər ötən gün daha da artır. Bütün dünyada əhalinin artması ilə enerjiyə və həyat üçün tələb olunan digər amillərə tələbat da artır. Daha çox tələbat daha çox istehsal deməkdir, daha çox istehsal isə, daha çox tullantıların yaranmasıdır. Bütün bu tullantılar isə hara tökülür ? - Əlbəttə ki, təbiətə.

Bu gün ətraf mühitə atılan kimyəvi tullantıları ən müxtəlif növlərə ayırmaq olar. Zavodlardan ayrılan tüstü və zərərli qazlar, avtomobil və təyyarə mühərriklərindən ayrılan karbon qazı, istehsal prosesləri zamanı əmələ gələn müxtəlif kimyəvi maddələr və ən nəhayət atom enerjisinin əldə edilməsi zamanı əmələ gələn radioaktiv tullantılar.

Bu məqalədə Yer kürəsinin radioaktiv tullantılarla ən çox çirklənmiş gölü olan Karaçay haqqında danışacağıq. Bu göl artıq uzun illərdir ki, radioaktiv tullantıların axıdıldığı yerdir.

Karaçay - cənubi Ural dağlarında yerləşən kiçik göldür. Bu göl 1951 - 1953-cü illər aralığında yaxınlıqda yerləşən "Çelyabinsk-65" zavodunda əmələ gələn radioaktiv tullantıların atıldığı yer kimi istifadə olunub.

Vaşinqtonda yerləşən "Worldwatch" institutunun hesabatına əsasən, Karaçay gölü planetin ən çox çirklənmiş ərazisidir. Bu ərazidə radioaktivlik dərəcəsi Çernobıl faciəsinin baş verdiyi ərazinin böyük hissəsindəki radioaktivlik dərəcəsi ilə eynidir.

Təbiət resurslarının müdafiəsi cəmiyyətinin məlumatlarına əsasən, bu göl o dərəcədə çirklənib ki, onun suyu cəmi bir saata insanı öldürə bilər.

Göl 1960-cı ildə qurumağa başlayıb. 1968-ci ildəki quraqlıq və güclü külək isə bu ərazidəki radioaktiv tozu qonşu ərazilərə aparıb. Nəticədə azı yarım million insan radioaktiv şüalanmaya məruz qalıb ki, bu şüalanmanın dərəcəsi də 1945-ci ildə Herosimaya atom bombası atılması zamanı əmələ gələn şüalanma dərəcəsinə yaxındır. Bundan sonra, 1978 - 1986-cı illər aralığında gölə 10000 beton blok doldurulub. Bu tədbir, tullantıların yayılmasının qarşını almaq üçün görülüb.

Gölün təmizlənməsinin mümkünlüyü hələ sual altındadır. Bir çoxları isə ondan qorxur ki, radioaktiv şüalanma Teça çayını, daha sonra isə Atlantik okeanını çirkləndirə bilər.

Qeyd edək ki, həm Karaçay gölü, həm də onun yerləşdiyi ərazi ətraf aləmdən təcrid edilib. Ora daxil olmağın yeganə icazəli yolu isə nəzarət burxılış məntəqəsindən keçməkdir.

#şüalanma #Radioaktivlik #ekolojikimya #kimyavəinsan

325 views

Recent Posts

See All
bottom of page