top of page
  • Orxan Məmmədov

Ən maraqlı kəşf tarixinə malik kimyəvi elementlər.


Elmi kəşflərin və ixtiraların bir çoxu təsadüf nəticəsində kəşf olunub. Məsələn, bəzi şirinləşdirici maddələrin və ya radioaktiv elementlərin kəşfi belələrindəndir. Bu günkü məqalədə ən maraqlı və təsadüfi yollarla kəşf olunmuş bir neçə kimyəvi element haqqında danışacam.

Fosforun kəşfi. Fosfor 1669 - cu ildə Henninq Brand tərəfindən kəşf olunub. Brand da orta əsrin digər kimyagərləri kimi maddələri qızıla çevirməyin yollarını axtarırdı. O dövrdə belə bir fikir var idi ki, hər hansı bir maddəni qızıla çevirmək üçün xüsusi magik gücə malik daş var və həmin daşı əldə etmək lazımdır. Brand belə düşünürdü ki, insanın sidiyi sarımtıl - qızılı rəngə malik olduğundan, ola bilər ki, onun tərkibində qızıl və ya onun əldə olunmasına kömək edəcək maddə olsun. Apardığı bir neçə saatlıq qaynatma, buxarlandırma, kondensasiya proseslərindən sonra şüşənin dibində işıq saçan və tez alışan maddə alınır. Brand ona "phosphorus mirabilis" adını verir. Fosforun bəsit maddə olduğunu isə yalnız bir əsr sonra Antuan Lavuazye sübuta yetirmişdir.

Yodun kəşfi. Yod elementi fransız kimyaçı və əczaçısı Bernar Kurtua tərəfindən kəşf olunub. Kəşfdə böyük pay sahibi isə sözsüz ki, onun pişiyidir. Belə ki, bir dəfə laboratoryada Kurtuanın pişiyi içərisində gələcək təcrübələr üçün hazırlanmış məhlullar olan qabları sındırır və maddələr qarışır. Şüşələrdən birində natrium yodid (NaJ), digərində isə qatı xlorid turşusu (HCl) olduğundan, onlar arasında reaksiya baş verir. Nəticədə bənövşəyi rəngli buxar ayrılmağa başlayır. Daha sonra bu buxar cisimlərin üzərinə çökərək kristallaşır. Beləcə, Kurtua yodu kəşf etmiş olur.

Bromun kəşfi. Bromun kəşf olunmasını təsadüf adlandırmaq bəlkə də müəyyən qədər düzgün olmaz. Belə ki, bu maddə yuxarıda sadalananlar kimi hər hansı gözlənilməz hadisə nəticəsində deyil, adi təcrübədən alınıb. Fransız kimyaçı Antuan Jerom Balar laborant olarkən içərisində natrium bromid (NaBr) olan məhlula xlorla təsir edir. Nəticədə qonur - qırmızı rəngli maye alınır. Aldığı mayeni "murid" adlandırsa da, sonradan Gey Lyüssak yeni maddəni brom adlandırı. Maddənin kəşf olunma tarixində ən maraqlı fakt isə ondan ibarətdir ki, Balar bromu kəşf edənə qədər xüsusi bir statusa malik deyildi, amma kəşfdən sonra o Paris elmlər akademiyasının üzvü seçilir. Sonralar digər fransız kimyaçı Şarl Jerar onun haqda deyir : "Balar bromu kəşf etməyib, brom Baları kəşf edib..."

Radiumun kəşfi. Dövri sistem cədvəlində olan elementlərdən daha biri, radium Mariya və Pyer Kürilər tərəfindən kəşf olunub. Onlar müşahidə ediblər ki, uranın təbi mineralından uraın ayırdıqdan sonra yerdə qalan qalıq uranın özündən daha radioaktivdir. Radioaktivlik haqqında o zamanlar çox az məlumat olduğundan onu ən müxtəlif sahələrdə, qida sənayesində, müxtəlif əşyaların hazırlanmasında istifadə edirdilər. Bu elementin kəşfinə görə Mariya Küri Nobel mükafatı alsa da, yeni kəşf həm də onun sağlamlığına ciddi zərər vurdu. Nəticədə Küri 1934 - cü ildə uzunmüddətli şüalanmanın təsirindən dünyasını dəyişdi.

#element #şüalanma #Radioaktivlik #kimyavəhəyat

704 views

Recent Posts

See All
bottom of page