top of page
  • Orxan Məmmədov

Necə olur ki, bəzi həşəratlar işıq saça bilir ?

Updated: Nov 16, 2020


Yer kürəsində milyardlarla növ canlı yaşayır və onların hər birinin öz unikal bacarığı və ya xüsusiyyəti var. Bu dəfəki mövzumuz işıq saça bilən canlılara həsr olunub. Müxtəlif yollarla bədənini işıqlandıra bilən canlılar çoxdur. Onların içində həşəratlar, balıqlar, meduzalar, fitoplanktonlar, kalmarlar və hətta göbələklər də var. Canlıların işıqlanması müxtəlif məqsədlərə xidmət edə bilər. Onların bəziləri ov etmək üçün, bəziləri yırtıcılardan qorunmaq üçün, bəziləri isə cütləşmək üçün bədənlərinin müxtəlif hissələrindən işıq saçır. Göründüyü kimi, canlıların müxtəlifliyi geniş olduğundan, onların hamısı haqqında danışmaqçün bir məqalə azdır. Bu səbəbdən bu postda həmin canlılardan bizə daha çox tanış olan atəşböcəkləri haqqında danışacam.

Ümumilikdə atəşböcəklərinin 2000 - dən artıq növü var. Onlardan bəzilərinə ölkəmizdə də rast gəlinir. Bu həşəratlar biolüminessensiya - yəni işıq saçma qabiliyyətinə malikdirlər. Onların işıq saçan orqanı isə fotofor adlanır. Bu orqan həşəratın bədəninin arxa tərəfində yerləşir.

Atəşböcəklərinin işıqlanması onların fotoforunda baş verən kimyəvi reaksiya nəticəsində yaranır. Belə ki, fotoforda lütsiferaza fermentinin iştirakı ilə lütsiferin piqmenti, hüceyrədaxili oksigen, kalsium və ATF (adenozintrifosfat) maddələrinin qarşılıqlı təsiri nəticəsində işıqlanma baş verir. Oksigen ehtiyyatı isə həşəratın hüceyrələrinin mitoxondri adlanan orqanında toplanmış olur. İşıqlanma vaxtı fotofora oksigenin sürətli verilişini təmin etmək məqsədilə orqanizm azot (II) oksid (NO) sintez edir. Azot (II) oksid də öz növbəsində oksigeni mitoxondridən sıxışdırıb çıxarır. Göründüyü kimi, işıqlanma prosesinin başlanması və bitişi fotofora oksigenin verilişinin başlanması və kəsilməsi ilə tənzimlənir.

Atəşböcəklərinin işıqlanması adətən sarımtıl - yaşıl rəngdə olur. Kimyəvi prosesin demək olar ki, bütün enerjisi işıqlanmaya sərf olunur. İstilik isə ayrılmır. Müqayisə üçün qeyd edim ki, adi közərmə lampası qəbul etdiyi enerjinin böyük hissəsini istilik şəklində ayırır, işıqlanmaya isə cəmi 5 - 10 % enerji sərf olunur.

Yeri gəmişkən, alimlər atəşböcəklərinin işıqlanmasına səbəb olan lütsiferin maddəsini bəzi bitkilərin yarpaqlarına yeritməklə, onların süni olaraq işıqlanmasına nail olublar (daha ətraflı: burada.).

#biokimya #ekolojikimya #şüalanma #kimyavəhəyat

230 views

Recent Posts

See All
bottom of page