- Orxan Məmmədov
Bəşəriyyətin ən dağıdıcı silahı...

Hidrogen bombası - hal hazırda insan tərəfindən yaradılmış ən dağıdıcı silah hesab olunur. Onun təsir gücü 1945 - ci ildə Hirosima və Naqasaki şəhərlərinə atılmış atom bombasından dəfələrlə çoxdur. Bu bombanın atom bombasından əsas fərqi ondan ibarətdir ki, burada partlayış üçün tələb olunan enerji nüvə parçalanması hesabına deyil, nüvə sintezi hesabına əldə olunur. Bəzi mənbələrdə hidrogen bombasının radiokativ çirklənməyə səbəb olmadığı göstərilsə də, bu yalnış fikirdir. Belə ki, bombanın partlaması istilik nüvə reaksiyası (və ya nüvə sintezi) hesabına baş verir. Bu reaksiyanın başlanmasına təkan verməkdən ötrü isə müəyyən miqdar enerji tələb olunur. Bu enerji də adətən radioaktiv maddələrin (uran və ya plutonium) parçalanması hesabına əldə olunur. Belə olan halda, deməli bombanın partlaması həm də radioaktiv tullantıların ətrafa yayılması deməkdir.
Bəs nüvə sintezi nədir ? Nüvə sintezi - iki müxtəlif atomun nüvələrinin birləşməsi nəticəsində yeni elementin yaranması, və külli miqdarda enerjinin ayrılması prosesidir. Məsələn, əgər iki deyterium (hidrogen-2 izotopu) atomu toqquşarsa, nəticədə yeni atom nüvəsi və müəyyən miqdar enerji yaranar. Bu tip reaksiyalar Günəş və digər ulduzlarda baş verir.
Bombanın yaranma tarixi. Nüvə sintezi bombasının hazırlanması ideyası ilk dəfə Enriko Fermi tərəfindən onun kolleqası Edvard Tellerə təklif olunmuşdur. Bombanın hazırlanması istiqamətində ilk nəzərəçarpacaq uğurlar Tellerin əməkdaşı Stanislav Ulamın hesabına əldə olunmuşdur. O, təklif etmişdir ki, nüvə sintezi yanacağının qızdırılması onun sıxılması hesabına əldə edilsin və bu məqsədlə də ilkin parçalanma reaksiyalarından istifadə olunsun. Eyni zamanda, bombanın əsas komponenti - nüvə sintezi yanacağının radioaktiv komponentdən ayrı yerləşdirilməsi ideyası da ona məxsusdur. Bu mülahizələrdən çıxış edərək Teller belə bir fikir irəli sürdü ki, nüvə sintezi reaksiyasının başlaması üçün tələb olunan enerji ilkin partlayış nəticəsində yaranan qamma və rentgen şüalanması hesabına əldə edilə bilər.
Bombanın quruluşu. Hidrogen bombasının işi Teller - Ulam prinsipinə əsaslanır. Bu prinsipə əsasən bomba iki pillədən - trigger və istilik-nüvə yanacağı doldurulmuş konteynerdən ibarətdir.
Trigger - müəyyən miqdar plutonium yanacağından ibarət olan hissədir. Triggerin əsas funksiyası nüvə sintezi reaksiyasının başlaması üçün tələb olunan şəraiti (temperatur və təzyiqi) yaratmaqdır.
Nüvə sintezi yanacağı doldurulmuş konteyner - bombanın əsas elementidir. Onun daxilində əsas yanacaq - litium-6 deyterid yerləşmişdir. Konteynerin daxilində mərkəzi ox boyu plutonium sütuncuğu yerləşmişdir. Konteynerin divarları həm uran-238 həm də qurğuşundan hazırlana bilər.
Bombanın partlaması aşağıdakı mərhələlər üzrə baş verir :

A - partlayışdan öncə. Yuxarı hissə - trigger, aşağı hissə - litium-6 deyterid yanacağı olan konteyner.
B - partlayıcı maddə birinci hissəni dağıdır, nəticədə plutonium nüvəsi kritik həddən yuxarı həddə qədər sıxılır və nüvə parçalanması zəncirvari reaksiyası başlanır.
C - birinci pillənin parçalanması nəticəsində rentgen şüalanması örtüyün daxili hissəsi boyuca yayılır.
D - rentgen şüalarının udulması nəticəsində ikinci pillə (konteyner) daxilindəki plutonium sütuncuq kritik həddi aşır, nəticədə zəncirvari reaksiya başlayır və külli miqdarda istilik ayrılır.
E - ayrılmış istilik litium-6 deyteridin nüvə sintezi reaksiyasına təkan verir. Nəticədə alov kürəsi böyüməyə başlayır.
Qeyd edim ki, radioaktiv çirklənmənin baş verməməsi məqsədilə plutonium və uran yanacağından istifadə etmədən lazımi istiliyin yaradılması istiqamətində təkliflər irəli sürülsə də, hələlik bu təkliflər praktiki həllini tapmayıb. Bu səbəbdən hidrogen bombası da qismən radioaktiv bomba hesab oluna bilər.
#atomenerjisi #element #Radioaktivlik #kimyavəhəyat #hidrogen #nüvəsintezi