- Orxan Məmmədov
Hisslərimizin keşikçiləri -Neyromediatorlar
Neyromediatorlar elmə 20-ci əsrin 60-cı illərindən məlumdur. Bu maddələr insanın sinir sisteminin əvəzolunmaz elementləridir və adından göründüyü kimi, sinir sisteminin işini tənzimləyirlər. Onların nə olduğunu izah etməmişdən öncə sinir sisteminə kiçik ekskursiya edək.
Məlumdur ki, sinir sistemimiz neyronlar adlanan hüceyrələrdən təşkil olunmuşdur. Həmin hüceyrələrin hər birinin çoxlu sayda çıxıntıları mövcuddur. Bu çıxıntılar vasitəsilə neyronlar sanki bir-biri ilə əl-ələ tutmuş kimi əlaqə yaradırlar, yəni sinir impulslarını ötürürlər. Sinir impulsları elektrik yükü kimi ötürülür. Lakin 60-ci illərdən sonra məlum olub ki, qeyd etdiyimiz sinir ucluqlarının - sinapsların arasında boşluq mövcuddur. Demək, sinir impulsunun ötürülməsi üçün tək elektrik yükü kifayət etmir.

İki sinir ucluğu arasında sinir impulsunun ötürülməsi yalnız o zaman mümkün olur ki, həmin yerə, yəni sinapsa müəyyən kimyəvi maddələr ifraz olunsun. Məhz bu kimyəvi maddələr neyromediator adlanır. Onların bəzi növləri ilə tanış olun.
Serotonin
Serotonin mədə-bağırsaq traktının işini , hərəkət aktivliyini, əzələ tonusunu tənzimləyir və əlbəttə ki, yaxşı əhval ruhiyyə yaradır. Eyni zamanda emosional dayanıqlılığa da cavabdeh olduğundan, orqanizmdə serotonin çatışmazlığı depressiyaya səbəb olur. Serotoninin sintezi üçün orqanizmə əsas iki komponent - triptofan adlı aminturşu və qlükoza lazımdır. Bu maddələr isə şokoladın, bananın və şirniyyatların tərkibində mövcuddur.
Dofamin
Dofamin - daha bir məşhur neyromediatordur. Bu maddə orqanizmdə həzz hissinin yaranmasına cavabdehlik edir. Sağ qalma və çoxalma prosesləri insanlarda həzz hissi ilə müşayət olunur ki, bu hissləri də dofamin tənzimləyir. Bu maddə həmçinin qərar qəbul edən zaman da ifraz olunur. Belə ki, təxminlərə görə, o həm də mükafat hissi ilə bağlıdır.
Oksitosin
Oksitosin - neyromediator və hormon kimi təsir göstərir. Hormon kimi bu maddə dünyaya uşaq gətirən qadınlarda vacib rol oynayır. Belə ki, o süd ifrazını aktivləşdirir. Oksitosinin psixofizioloji roluna gəldikdə isə, o insanlar arasında etibar və isti münasibətlərə cavabdehdir. Aparılmış təcrübələr göstərib ki, oksitosin qəbul edən insanlar ətrafdakılara daha çox güvənirlər. O eyni zamanda ana və uşaq arasında münasibətləri də tənzimləyir. Belə ki, körpə anasının yanında olanda rahatlıq və təhlükəsizlik hissi keçirir.
Yuxarıda sadalanan xüsusiyyətlərinə görə oksitosin autistlərin müalicəsində istifadə olunur.
Feniletilamin
Əslinə qalsa, feniletilamin neyromediator deyil. O yalnız dofamin və noradrenalin ifrazını aktivləşdirir. Bu mediatorlar oyanıqlığa xidmət edirlər. Feniletilaminin rolu tək bununla bitmir. Belə təxmin edilir ki, o həm də sevgi və romantik hisslərin yaranmasına xidmət edir. Lakin bu fərziyyə hələ sübut olunmayıb.
Endorfin
Endorfinlər (endogen və ya daxili morfinlər ) öz adını təsir mexanizminin morfin və digər opiatlar (narkotik maddələr) ilə oxşar olmasına görə əldə ediblər. Bu maddələr ağrıkəsici və stressəleyhinə təsirlərə malikdirlər, iştahanı azaldırlar və tənəffüsü stabilləşdirirlər.