- Orxan Məmmədov
Radioaktiv maddələrin təxmin etmədiyiniz tətbiq sahələri
Updated: Nov 16, 2020

Radioaktiv maddələrin zərəri haqqında hər kəs məlumatlıdır. Lakin təqribən bir əsr bundan əvvəl, hələ radioaktivliyin insan orqanizminə təsirinin tam öyrənilmədiyi bir vaxtda radioaktiv maddələr ən müxtəlif sahələrdə tətbiq olunurdu. Bu məqalədə onların bəziləri haqda danışacağıq.
Radioaktiv izotopların zərəri sübut olunmazdan qabaq bu maddələr bəzi qida məhsullarına əlavə olunurdu. Bunlardan biri də mineral sular idi. Bir vaxtlar Radithor adlı mineral içkinin tərkibinə radiumun 226 və 228 izotopları daxil edilirdi və bu suyu hər yerdən almaq olardı.
Radioaktiv maddələrin insan orqanizminə xeyirli təsir etdiyinə inanan bəzi istehsalçılar onu şokolad və bir çox şirniyyat növlərinə də daxil edirdilər. Həm də bura təkcə radioaktiv elementlər deyil, həm də ağır metallar daxil idi.
Radioaktiv maddələrə maraq həm də kosmetika sahəsində var idi. İstehsalçılar belə maddələri kirşan, krem və parfumeriya məmulatlarına əlavə edirdilər.
Nə qədər qəribə səslənsə də radioaktiv maddələrin köməyi ilə hətta bəzi xəstəlikləri də müalicə etməyə çalışırdılar. Məsələn, radiasiyanın təsiri ilə qəbizlik, babasil, impotensiya və hətta saç tökülməsi də müalicə (guya) edilirdi.
20-ci əsrin 30-cu illərində Amerikada radioaktiv maddələrin istifadə olunduğu salon və spa mərkəzləri ard - arda açılırdı. Belə "sağlamlıq prosedurları" ucuz başa gəlmirdi, bu səbəbdən həmin xidmətlərdən yalnız varlılar istifadə edə bilirdilər.
Və ən nahayət atom turizmi. Amerikada, Las Veqas poliqnonunda atom silahlarının sınağına tamaşa etmək üçün yüzlərlə amerikalı can atırdı. Görüntü maraqlı olsa da, alınan şüalanma dozasının təsiri də "unudulmaz" idi. Əlbəttə o zaman həmin insanlar bundan bixəbər idilər.