- Orxan Məmmədov
Yeni elementlər. Köhnəlmiş və müasir Dövri sistem cədvəli.
Updated: Dec 9, 2020
Kimyəvi elementlərin dövri sistem cədvəli kimyanı öyrənən və öyrədən hər kəs üçün zəruri olan komponentdir. Bu cədvəl 1869 - cu ildə rus alim D.İ.Mendeleyev tərəfindən ilk olaraq formalaşdırılmışdır. Cədvəlin yaranma və inkişaf tarixi haqqında danışmayacam, çünki bu barədə elmi materiallarımızda kifayət qədər yazılıb (Bax.).
Dövri sistem cədvəli bütün kimya dərsliklərinin arxasında təsvir olunub və tədris prosesində istər müəllimlər, istərsə də şagirdlər bundan istifadə edirlər.

Lakin məsələ burasındadır ki, bu cədvəl artıq elm ictimaiyyəti tərəfindən köhnəlmiş hesab olunur. Üstəlik dərsliklərdə göstərilən cədvəldə cəmi 109 element göstərilib. Hal - hazırda isə 118 element mövcuddur. Cədvəlin strukturu da bir xeyli dəyişdirilib. Belə ki, artıq dövrlər uzun və qısa olmaqla iki yerə ayrılmır. Qrupların sayı isə, 8 - dən 18 - ə qədər artırılıb.
Bir müəllim olaraq mən də sözsüz ki, dərslikdə verilən bu cədvəldən istifadə edirəm və şagirdlərə mövzuları bunun əsasında izah edirəm. Elementlər barədə danışanda isə, onların sayının 109 deyil, 118 olduğunu vurğulamağı da özümə borc bilirəm. Əlbəttə cədvəl yenilənmiş formada olsaydı, bunu etmək daha rahat olardı. Necə deyərlər "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır." Bu məqaləni də məhz ona görə yazıram ki, əgər hələ də Dövri sistem cədvəlinin yeni forması ilə tanış olmayan müəllim və şagirdlərimiz varsa, onlar da məlumatlansınlar.
Əslində cədvəli yeni adlandırmaq da müəyyən mənada düzgün olmaz. Çünki, cədvəlin bu forması 2006 - cı ildə təsdiqlənib.

Dərsliklərimizdə adları olmayan elementlərin adlarını sizə tədqim edirəm :
Ds (110) - darmştadtium. Element 1994 - cü ildə Darmştadt (Almaniya) şəhərində yerləşən "Ağır ionların tədqiqat mərkəzi"ndə kəşf olunmuşdur. Elementin adı da elə həmin şəhərin adı ilə bağlıdır. Ən davamlı izotopunun yarımparçalanma periodu 10 saniyədir.
Rg (111) - rentgenium. Bu element də Ds ilə təxminən eyni vaxtda, eyni şəhərdə (Darmştadt) kəşf olunub və alman alim Vilhelm Rentgenin şərəfinə adlandırılıb. Nisbətən davamlı izotopunun yarımparçalanma periodu 2,1 dəqiqədir. Belə güman olunur ki, kimyəvi xassələrinə görə qızıla bənzərdir, yəni nəcib metal xassəsi göstərir.
Cn (112) - kopernisium. Ən davamlı izotopunun yarımparçalanma periodu 34 saniyə olan kopernisium elementi də əvvəlki ikisi kimi, Darmştadt şəhərində "Ağır ionların tədqiqat mərkəzi"ndə kəşf olunub (1996). Element məşhur alim Nikolay Kopernikin şərəfinə adlandırılıb.
Nh (113) - nixonium. 113 - cü elementin kəşfi 2003 - cü ilin iyul ayına təsadüf edir. İlk dəfə Rusiyanın "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə alınan bu element Yaponiyanın şərəfinə nixonium adlandırılıb. Belə ki, nixon sözü tərcümədə "doğan Günəş ölkəsi" mənasını verir. Ən davamlı izotopunun yarımparçalanma periodu 20 saniyədir.
Fl (114) - flerovium. Güclü radioaktivliyi ilə seçilən bu element 1998 ci ildə Rusiyanın "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə alınıb. Lakin yalnız 2004 - cü ildə belə elementin alındığı sübut olunub. Elementin adına gəldikdə isə, bu məşhur alim Georgiy Nikolayeviç Flerovun şərəfinə adlandırılıb. Ən davamlı izotopunun yarımparçalanma periodu təxminən 2,7 saniyədir.
Mc (115) - moskovium. Bu element də fleroviumla eyni vaxtda, "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə alınıb. Mərkəz Moskva yaxınlığında yerləşdiyindən, təklif olunub ki, elə elementin də adın buna uyğun - moskovium - adlandırılsın. Bu elementin ən davamlı izotopu isə cəmi 156 millisaniyə mövcud olur.
Lv (116) - livermorium. Dövri sistem cədvəlinin 116 - cı elementi ABŞ - ın Livermor şəhərində yerləşən Lourens adına milli laboratoriyanın yerləşdiyi yerə uyğun qəbul olunub. Laboratoriyanın əməkdaşları Rusiya "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə rus kolleqalar ilə birlikdə 2000 - ci ildə bu elementi əldə ediblər. Belə güman olunur ki, livermorium xassəcə özünü xalkogenlər kimi aparmalıdır.
Ts (117) - tennesin. 117 - ci element olan tennesinin ən davamlı izotopunun yarımparçalanma periodu təxminən 78 millisaniyədir. Bu element 2009 - cu ildə Rusiya "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə" kəşf olunub. Elementin adı isə ABŞ - ın eyni adlı ştatına uyğun verilib.
Og (118) - oqaneson. Xassələrinə görə təsirsiz qazlara uyğun olan bu elementin nisbətən davamlı izotopunun yarımparçalanma periodu 1 millisaniyədir. Bundan öncəki 5 element kimi oqaneson da Rusiya "Birləşmiş nüvə tədqiqatları mərkəzi"ndə (2002) kəşf olunub. Belə güman olunur ki, bu element digər təsirsiz qazlardan fərqli olaraq qaz deyil, maye halda olmalıdır.