top of page
  • Orxan Məmmədov

Yerdə temperatur 2 dərəcə artsa nə baş verər ?


Bu günkü mövzumuz kimya ilə birbaşa da olmasa, dolayı yolla əlaqəlidir. Hər necə olsa, atmosferin çirklənməsinə səbəb məhz kimyəvi tullantılardır (indiki halda CO2). Bunun isə nəticələri birbaşa Yer kürəsində yaşayan canlılara təsir edir. Bu səbəbdən qərar verdim ki, bir məqaləni də ekoloji mövzuya həsr edim.

Beləliklə, əgər Yer kürəsində temperatur cəmi 2 dərəcə selsi artsa nə baş verər ? - Cavab : Belə bir hadisə baş versə, bu bizim üçün faciəyə çevrilər. Görəsən niyə 2 dərəcə bu qədər vacibdir ?

İlk dəfə bu problem barədə 1975 - ci ildə iqtisadçı Uilyam Nordhaus məlumat verib və o zaman bildirib ki, Yerdə orta temperaturun 2 dərəcə selsi artması ciddi iqtisadi fəsadlar törədə bilər. O, atmosferə tullanan karbon qazının miqdarının iki dəfə artırılacağı təqdirdə Yerin iqlimini son 100000 il ərzində olmayan kimi dəyişə bilər. Nordhausun fikrincə biz "təhlükə zonası"na yaxınlaşırıq və txminən 2030 - cu ildə həmin həddi keçəcəyik.

Bilməyənlər üçün kiçik bir izah verim. Atmosferin istixana qazları ("parnik qazları") adlandırılan qazlarla çirklənməsi Yerin temperaturunun durmadan artmasına səbəb olur. İstixana qazlarının ən əsası karbon qazıdır (CO2) və bu qaz da sənayenin inkişafı ilə əlaqədar, insan tərəfindən atmosferə tullanmağa başlayıb. Bu qazlar atmosferin daxili qatlarını əhatə edərək Yer kürəsindən istiliyin çıxmasına mane olur. Bu cür, istixana effekti yaratdıqlarına görə də onlara istixana qazları adı verilib. Yer kürəsi Günəş tərəfindən aldığı enerjinin bir hissəsini yenidən geri əks etdirə bilmədiyindən, davamlı olaraq qızır.

XX əsr ərzində orta qlobal temperatur təxminən 14 dərəcə selsi olub. 1880 - ci ildən bu yana Yer kürəsi təxminən 1 dərəcə selsi isinib. Və ən dəhşətlisi burasıdır ki, bu artımın böyük hissəsi son 40 ildə, yəni Nordhausun məqaləsini çap etdirməsindən bu yana baş verib.

Yer kürəsi sonuncu dəfə 11000 il əvvəl indiki qədər isti olub. Biz artıq bunun nəticələrini hiss edirik. Soyuq fəsillər daha əvvəlki kimi soyuq deyil. Bəzi yerlərdə quraqlıq artıb. Yağıntıların miqdarı azalıb və daha tez - tez meşə yanğınları baş verir.

Əgər Yerdə temperatur cəmi 2 dərəcə selsi artarsa, quraqlıq daha böyük miqyasa yayılacaq. Bu da öz növbəsində iqtisadiyyata və kənd təssərüfatına ziyan vuracağ. Bir çox növlər məhv olma təhlükəsi ilə qarşı qarşıya qalacaq. Sahil ərazilər isə suyun altında qalacaqlar. Belə ki, istiləşmə ilə əlaqədar qütblərdə buzlar əriyəcək, bu da dəniz səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bəzi ərazilərdə yaşamaq və işləmək isə ümumiyyətlə mümkün olmayacaq.

Bütün bu təhlükələr barədə çoxdan həyəcan təbili çalınmasına baxmayaraq, yalnız 2016 - cı ildə Fransada BMT ölkələri tərəfindən beynəlxalq razılaşma imzalanıb. Bu razılaşmaya əsasən, iştirakçı ölkələr Yer kürəsində orta temperaturu sənaye dövründən əvvəlki dövrə nisbətən 2 dərəcə az saxlamağa çalışacaqlar. Sənaye dövrünə qədərki dövr dedikdə, fabriklər və zavodların havanı zəhərləməyə başlamasına qədərki vaxt nəzərdə tutulur.

Digər bir sual isə budur ki, Çin və Hindistan kimi, böyük sənaye ölkələri atmosferə karbon qazının tullantılarını azalda biləcəklərmi ? Çətin ki... Tədqiqatlar göstərir ki, biz 95 % ehtimalla 2100 - cü ilə qədər 2 dərəcəlik həddi keçəcəyik. Bunun qarşısını almaq isə öz əlimizdədir. Vaxtımız daralır.

#kimyavəhəyat #ekolojikimya

89 views

Recent Posts

See All
bottom of page