- Orxan Məmmədov
Zərərli qida əlavələrini tanıyaq !
Updated: Feb 23, 2020

Qida əlavələri - istehsal prosesində qida məhsullarına müxtəlif məqsədlər üçün əlavə olunan kimyəvi maddələrdir. Belə əlavələr adətən məhsula lazımi forma və keyfiyyətləri (ətir, dad, rəng və s.) verməkdən ötrü istifadə olunur. Təyinatından asılı olaraq bu maddələr müxtəlif adlarla təsnif olunur. Məsələn, qidaya lazımi ətri verən maddələr ətirləyicilər (aromatizatorlar), lazımi rəngi verən maddələr rəngləyicilər, saxlama müddətini artıran maddələr konservantlar adlanır.
Əksər ölkələrin qanunvericiliyinə əsasən məhsulun qablaşdırması üzərində onun tərkibinə qatılan qida əlavələrinin adları göstərilməlidir. Bəzi ölkələrdə bu maddələrin birbaşa adları göstərilir. Avropa birliyi ölkələrində (o cümlədən Azərbaycanda) isə hər bir qatqıya E - hərfi ilə başlayan müvafiq kodlar şamil edilir. Məsələn, E 260 sirkə turşusunu, E 330 limon turşusunu göstərir. Qida əlavələrinə uyğun kodlar aşağıdakı kimidir :
E 100 - E 199 - rəngləyicilər. Bunlardan, E 100 - E 109 sarı, E 110 - E 119 narıncı, E 120 - E 129 qırmızı, E 130 - E 139 mavi və bənövşəyi, E 140 - E 149 yaşıl, E 150 - E 159 qəhvəyi və qara, E 160 - E 199 isə digər rəngləyicilərdir.
E 200 - E 299 - konservantlar, E 300 - E 399 - antioksidantlar, E 400 - E 499 - stabilləşdiricilər, qatılaşdırıcılar və emulqatorlar, E 500 - E 599 pH stabilləşdiriciləri, E 600 - E 699 dad və ətiri gücləndirən maddələr, E 710 və E 713 antibiotiklərdir.
Bütün bu qida əlavələrinin zərərlilik dərəcəsinə gəldikdə isə, ilk olaraq onu qeyd etmək lazımdır ki, hər hansı bir qida əlavəsinin insan orqanizminə ziyanı müxtəlif faktorlardan - həmin maddənin miqdarından, onu qəbul edən insanın sağlamlığından və orqanizminin fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Bir qayda olaraq hər bir qida əlavəsi üçün icazə verilən sutkalıq norma mövcuddur. Bəzi maddələr üçün bu norma bədən çəkisinin hər kiloqramı üçün bir neçə milliqram təşkil edir. Məsələn, əsasən kolbasalarda istifadə olunan E 250 (natrium nitrit) əlavəsi kifayət qədər toksiki və zərərli maddədir. Buna baxmayaraq, bu maddə kolbasalarda bundan qat - qat daha təhlükəli toksiki Klostridium botulinum bakteriyalarının yaranmasının qarşısını almaq məqsədilə istifadə olunur. Hər halda bu səbəbdən kolbasa məhsullarını az istifadə etməkdə fayda var.
Bəzi qida əlavələri (məsələn şokoladlarda istifadə olunan formaldehid E 240, və qazlı içkilərdə istifadə olunan E 121 ) əvvəllər zərərsiz hesab olunsa da, sonralar birmənalı olaraq qadağan olunublar.
Ümumilikdə, yüksək təhlükəlilik dərəcəsinə görə qadağan olunmuş qida əlavələri bunlardır : E 121 (sitrus qırmızısı, rəngləyici), E 123 (qırmızı amarant, rəngləyici), E 128 (qırmızı rəngləyici), E 216 (konservant), E 217 (konservant), E 240 (formaldehid).
Yuxarıda qeyd olunan qadağan olunmuş maddələrdən əlavə, hələ sınaqdan keçirilməyən və ya sınağı başa çatmayan və bu səbəbdən də istifadəsinə icazə verilməyən qida əlavələri də mövcuddur.
Onu da qeyd edim ki, vanil və nişasta kimi geniş istifadə olunan qida əlavələri kodla göstərilmir.