Qazların kinetik nəzəriyyəsi

  Əsas anlayışlar. Əvvəlki bölmələrdə ( Bax ) nəzərdən keçirilən bütün qaz qanunları müəyyən dərəcədə izahat tələb edir. Qazların davranışını təsvir edən nəzəri modellərin inkişafı bir çox tədqiqatçıların səylərinin nəticəsidir. Hələ 17 – ci əsrdə onların bir çoxu belə fikirləşirdilər ki, qazların molekulları onun tutduğu həcmin çox az bir hissəsini təşkil edir. Elə bu səbəbdən də hər hansı bir mayedən əmələ gələn qazın həcmi, həmin mayenin həcmini dəfələrlə üstələyir. Eyni zamanda qazların kiçik sıxlığını və asanlıqla sıxıla bilmə qabiliyyətini də bununla izah etmək olar. Müxtəlif vaxtlarda bəzi alimlər qazlarda molekulların hərəkət etdiyi fikrini irəli sürsələr də, kinetik nəzəriyyənin müasir formaya gətirilməsində əsas rolu Klauzius (1857) və Maksvell (1859) oynamışlar. Bu nəzəriyyənin əsasını bir neçə müddəa təşkil edir. Kinetik nəzəriyyəyə əsasən qaz molekulları yerləşdikləri qabın divarları və ya digər molekullarla toqquşana qədər düzxəttli hərəkət edirlər. Qabın divarları ilə toqquşarkən molekullar ona təzyiq edirlər. Qabın həcminin kiçilməsi molekulların divarla daha tez – tez toqquşmasına, başqa sözlə - təzyiqin artmasına səbəb olur. Qazın temperaturu yüksəldikcə onun molekullarının kinetik enerjisi də artır ki, bunun da nəticəsində molekulların hərəkət sürəti və onların divarlarla toqquşma tezlikləri də artır. Bu da eyni zamanda, təzyiqin artmasına səbəb olur. Qeyd olunan toqquşmalar mümkün qədər itkisiz baş verməlidir. Yəni molekullar divarla toquşaraq geri qayıdarkən onların kinetik enerjiləri demək olar ki, dəyişmir. Bu baş verməsə, yəni molekullar qabın divarları ilə toqquşarkən enerji itirirlərsə, onda deməli həmin enerji divara ötürülməlidir. Belə olan halda qabın divarları qızmağa, qaz isə soyumağa başlamalıdır.

  Qazı təşkil edən molekulların birlikdə həcmi (yəni molekulları bir – birinə yapışdırsaq), qazın tutduğu ümumi həcmdən nəzərə alınmayacaq dərəcədə kiçik olmalıdır. Eyni zamanda, molekullar arasındakı məsafə molekulların öz ölçülərindən dəfələrlə (10³ – 10⁴ dəfə) böyükdür. Belə güman olunur ki, molekulların kinetik enerjisi qazın temperaturu (Kelvinlə ifadə olunmuş) ilə düz mütənasibdir. Bu mülahizələrdən çıxış edərək, Klauzius kinetik tənliyi irəli sürdü :

  Burada, P – təzyiq, V – həcm, m – bir molekulun kütləsi, N – molekulların sayı, c² - sürətin orta kvadratıdır.√c² - qiymətinə isə orta kvadratik sürət deyilir.

Kinetik nəzəriyyə qaz molekullarının davranışları ilə bağlı bəzi müddəalar irəli sürür. İdeal qaz qanunları isə qazların davranışını xarakterizə edir. Kinetik nəzəriyyənin müddəaları doğrudursa, onda ideal qaz qanunları həmin müddəalardan çıxarıla bilər.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now