Qrafenə bənzər strukturları mexano-kimyəvi üsulla almaq mümkündür.

  Almaniyadan olan tədqiqatçılar qrafenə bənzər struktura malik olan politsiklik aromatik karbohidrogenlərin alınması üçün yeni üsul hazırlayıblar. Reaksiyalar mexano-kimyəvi üsulla həyata keçirilib. Yəni, reaksiyaların aktivləşdirilməsi üçün həlledicinin iştirakı tələb olunmayıb. Bu üsul qrafenə bənzər kiçik ölçülü strukturların alınması prosesini asanlaşdıra bilər. Belə strukturlar nanoölçülü və molekulyar elektronikada tətbiq olunur.

  2010 - cu ildə öz işlərinə görə Nobel mükafatı almış alimlər, Andrey Qeym və Konstantin Novoselovun qrafeni kəşf etməsindən sonra bu materialın xüsusiyyətlərinin öyrənilməsi istiqamətində kifayət qədər irəliləyiş əldə olunub (İkilaylı qrafenin möhkəm materiala çevrilməsi). Qrafenə bənzər maddələr dedikdə o maddələr nəzərdə tutulur ki, onların molekullarında karbon atomları bir müstəvi üzərində yerləşməklə, bir-biri ilə birləşmiş düzgün altıbucaqlı əmələ gətirir. Belə maddələr təkcə karbon elementindən ibarət olmaya da bilər. Məsələn, aromatik politsiklik karbohidrogenlərdə həm də hidrogen elementi mövcuddur.

  Qrafen və ona bənzər strukturları əldə etməkdən ötrü iki yanaşma mövcuddur : dağıdıcı və qurucu üsul. Birinci üsul karbon tərkibli materialın xırdalanması hesabına (Qeym və Novoselov məhz bu üsuldan istifadə etmişdilər), ikinci üsul isə, ayrı-ayrı atom və molekullardan yığılma hesabına həyata keçirilir. İkinci üsula misal olaraq qrafenin çox da böyük olmayan strukturlarının Şoll reaksiyası vasitəsilə alınmasını göstərmək olar. Bu reaksiya zamanı tsiklik fraqmentlər aromatik molekullardan katalizator - suda dissosasiya edərək hidroksonium ionu əmələ gətirən turşuların iştirakı ilə alınır. Digər üsullardan fərqli olaraq Şoll reaksiyası vasitəsi ilə çoxlu miqdar (qramla) qrafen törəmələri almaq mümkündür. Məsələn, hələ qrafenin alınmasına qədər alimlər bu üsul vasitəsilə C222H42 tərkibli 37 benzol halqasından ibarət olan birləşməni ala bilmişdilər. Bu üsulun əsas çatışmazlığı isə reaksiyada istifadə olunan oliqofenillər üzvi həlledicilərdə pis həll olurlar. Bu səbəbdən başlanğıc maddələrin həll olmasını artırmaq üçün reaksiyaya müxtəlif maddələr əlavə olunur ki, reaksiya bitimində onları yenidən xaric etmək tələb olunur.

  Yuxarıda qeyd olunan problemi Drezden Texniki Universitetində çalışan Lars Borxardt və onun tədqiqat qrupu həll edib. Onlar Şoll reaksiyasını həlledici olmadan həyata keçirməyə çalışıblar. Bu məqsədlə onlar heksafenilbenzolun - heksabenzokoronen çevrilməsi reaksiyasını tədqiq ediblər. Reaksiya zamanı əsas katalizator (FeCl3) və köməkçi katalizator (NaCl) istifadə edilib. 

  Belə güman olunur ki, hazırlanmış sintez metodu digər politsiklik aromatik karbohidrogenlərin və qrafenin nano-fraqmentlərinin alınması üçün də effektiv ola bilər. Hələlik isə, Borxardın qrupu tərkibində 222-dən daha çox karbon atomu olan politsiklik aromatik birləşmələrin alınması istiqamətində çalışırlar.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now