Kimyəvi elementlər harada yaranır ?

28/08/2017

 

 

  Hazırda kimyəvi elementlərin Dövri sistem cədvəlində 118 element mövcuddur. Lakin bu elementlərin yalnız 92-si (bəzi mənbələrə görə 94-ü) təbiətdə rast gəlinir. Qalan elementlər isə bildiyimiz kimi, (bilmiriksə oxuyaq !) süni yolla əldə edilmişdir. Bəs bütün təbiətdəki elementlər hardan gəlib ? Yoxsa onlar elə Yerdə yaranır ?

  Əslində kimyəvi elementlərin yaranması üçün Yerdə lazımi şərtlər yoxdur. Bu elementlər hamısı bir neçə milyard il əvvəl Yerin yaranma prosesində kosmik fəzanın müxtəlif dərinliklərindən bir araya gəlmişdir. Onların istehsal olunduğu "zavod" isə ulduzlardır.

  İlk olaraq ulduzların yaranması haqda qısaca məlumat verim. Ulduzun mövcudluğu kosmik fəzada nəhəng, soyumuş və əsasən hidrogendən ibarət olan qaz buludunun tədricən bir yerə toplanması nəticəsində başlayır. Ulduzun ölçüsü böyüdükcə, sıxlığı da artır və onun nüvəsi tədricən qızır. Nüvədə temperatur o dərəcədə artır ki, nəticədə istilik-nüvə reaksiyaları (və ya nüvə sintezi) başlayır. Bu reaksiyalar nəticəsində iki hidrogen atomu birləşərək bir helium atomu əmələ gətirir və nəticədə enerji ayrılır. Bu proses bir neçə milyard il, ulduzun hidrogen ehtiyyatının qurtarmasına qədər davam edir. Hidrogen qurtardıqca ulduzun nüvəsi tədricən sıxılır, onun temperaturu 100 milyon dərəcə selsiyə çatır. Bu zaman artıq helium atomları da protonlarla birləşərək nüvə reaksiyalarına daxil olurlar. Nəticədə azot, oksigen və karbon kimi yeni elementlər yaranmağa başlayır. Zamanla helium ehtiyyatları da bitir və nüvənin temperaturu həmin ana qədər artıq 600 milyon dərəcə selsiyə çatmış olur. Belə yüksək temperaturda artıq heliumdan ağır elementlər də reaksiya iştirakçılarına çevrilirlər. Beləcə, addım-addım ulduzun nüvəsində yeni elementlər yaranmağa davam edir və nəhayət, temperatur 4 milyard dərəcəyə çatanda nüvə sintezi reaksiyası ilə yarana biləcək ən son elementlər - dəmir və kütləcə ona yaxın olan elementlər (sinkə qədər) sintez olunur. Bu elementlər "ulduz zavodunun" son məhsullarıdır. Belə ki, bu elementlərin nüvəsinin kütlə deffekti (Bax!) minimumdur (ən stabil nüvələr) və artıq heç bir yolla onlardan enerji almaq mümkün deyil.

  Qızıl, platin, torium kimi daha ağır elementlərin necə yarandığı haqda isə iki fərziyyə mövcuddur :

  Birinci fərziyyəyə görə, ulduzun sıxılması davam etdikcə onun nüvəsində əvvəl əmələ gələn daha yüngül elementlərin nüvələri dağılmağa başlayır və nəticədə əmələ gələn yeni elementar zərrəciklər dəmir və digər ağır elementlərin nüvələri ilə toqquşaraq daha ağır elementlər əmələ gətirir.

  Son illərdə aparılan tədqiqatlar nəticəsində belə bir fərziyyə də irəli sürüldü ki, nisbi atom kütləsi 65-dən ağır olan elementlər iki neytron ulduzunun toqquşması zamanı əmələ gələ bilər. Neytron ulduzu - tamamilə neytronlardan təşkil olunmuş, çox yüksək sıxlıqlı ulduzdur. Təsəvvür edin bu ulduzun sıxlığı o dərəcədə böyükdür ki, onun cəmi bir çay qaşığının ağırlığı yüzlərlə milyon tona bərabər olacaq !

  Beləliklə, növbəti dəfə barmağınızdakı qızıl üzüyə baxarkən düşünün ki, onun hazırlandığı maddə çox-çox uzun illər əvvəl bizdən milyardlarla işıq ili uzaqlıqda hansısa ulduzun nüvəsində və ya iki ulduzun toqquşması nəticəsində əmələ gəlmişdir.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now