Atomu görmək mümkündürmü ? Ən müasir mikroskoplar.

09/02/2018

 

  Orta məktəb kimya və fizika dərslərindən bildiyimiz kimi, kainatda nə varsa, hamısı atomlardan təşkil olunub. Lakin, çox adam buna hələ də inanmır. Bu yaxınlarda müəllim kolleqalarımdan biri ilə bu mövzuda söhbətim oldu və bu əsnada o, belə bir ifadə işlətdi : "kim görüb ee bu atomu, elə o vaxtdan hamıya öyrədirlər ki, hər şey atomlardan təşkil olunub...". Həmin həmkarımla mübahisə etməsəm də, qərar verdim ki, bu mövzuda məqalə hazırlayım. Doğurdan da, əgər atom həqiqətən mövcuddursa, bəs niyə onu bu vaxta qədər görmək mümkün olmayıb ? 

  Əslində artıq atomu görmək, hiss etmək və hətta fotoşəklini çəkmək belə mümkündür. Bütün bu dediklərim ən müasir mikroskopların köməyi ilə mümkündür. Əlbəttə, çoxlarınızın tanıdğı adi işıq mikroskopu bu iş üçün yaramaz. Səbəbini sadə dillə izah etməyə çalışacam.

 

  Ən güclü işıq mikroskopu cismi təxminən 2000 - 4000 dəfə böyüdə bilir. Atomların ölçüsü isə təxminən 0,1 nm civarındadır. İnsan gözü təxminən 0,05 mm ölçülü cisimləri görə bilir. Aydın məsələdir ki, belə mikroskopun optik gücü atomu göstərmək üçün kifayət etmir. Amma hətta bu mikroskopun böyütmə gücü 1 milyon dəfə artırılsa da, onunla atomu görə bilməyəcəyik. Belə ki, adi işıq mikroskopunda əşyanı görmək üçün onu adi işıqla işıqlandırırlar. İşıq - elektromaqnit dalğasıdır. O, cismin üzərinə düşür, ondan əks olunaraq bizim gözümüzdə qəbul edilir və beynimizdə cismin forması haqqında təsvir yaranır. Adi işığın dalğa uzunluğu isə 400 - 700 nm arasındadır. Göründüyü kimi, bu rəqəm atomun ölçüsündən minlərlə dəfə böyükdür. Atomu belə işıqla işıqlandırdıqda, işıq dalğaları çox böyük olduğuna görə, onlar atomun yanından keçəcək. Deməli, atomun təsvirini əldə etmək üçün onu daha kiçik dalğa uzunluğuna malik dalğalarla işıqlandırmaq lazımdır.

  Elektron mikroskopu. Yuxarıda deyilən problemi aradan qaldırmaq üçün atomların elektronlarla şüalandırılması fikri tətbiq olunub. Məlumdur ki, elektronlar özlərini dalğa kimi apara bilirlər (daha ətraflı : Bax!). Və deməli onlardan atomun işıqlandırılmasında istifadə oluna bilər. Bunun üçün sadəcə onları işıq sürətinə qədər sürətləndirmək tələb olunur (De Broyl tənliyini yadınıza salın). Bu cür sürətləndirilmiş elektronlar özlərini dalğa kimi aparır. Bu dalğalar da atomdan əks olunaraq onun təsvirini əldə etməyə imkan verir. Son illərdə elektron mikroskoplar vasitəsilə minlərlə atom və molekulların təsvirləri əldə olunub.

 Yeri gəlmişkən, elmi xəbərlər bölümümüzdə də bir çox belə təsvirlər mövcuddur.

  Zondlu atom - qüvvə mikroskopları. Bu qurğunu mikroskop adlandırmaq bir qədər düzgün olmaz. Çünki onlar atomları görməkdən daha çox, "hiss edirlər". Bu məqsədlə o zondla təchiz edilmişdir. Zond dedikdə, çox iti uclu iynə nəzərdə tutulur. Təsəvvür edin, bu iynənin ucu cəmi bir neçə atomdan təşkil olunub.

  Bu zond tədqiq olunan nümunə üzərində hərəkət edərək bir növ onun siluetini cızır. Xüsusi qurğular vasitəsilə də bu "kələ - kötürlük" qeydə alınır və nümunənin səthində atomların necə yerləşdiyi haqda təsvir formalaşır. Zondun uc hissəsində mikrocərəyan yaradılır. Belə cərəyan vasitəsilə hətta ayrı - ayrı atomları götürüb başqa yerə aparmaq olur. Bundan əlavə, zond atomlar arası rabitələrin möhkəmliyini ölçmək üçün də istifadə olunur.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now