Su niyə yanmır ?

12/02/2018

 

  Bir neçə gün əvvəl saytımıza gələn suallardan biri belə idi. Soruşan şagird tək suyun deyil, ümumiyyətlə bəzi maddələrin niyə yanmaması barədə maraqlanırdı. Artıq bir neçə dəfə belə sualla qarşılaşdığımdan, qərara gəldim ki, bu mövzuda da bir məqalə hazırlayım.

  Bu sual yəqin hər kəsi ən azı bir dəfə də olsa düşündürüb. Hərçənd ki, insanlar gündəlik həyatlarında rastlaşdıqları reallıqlar barədə çox da düşünmürlər. Sadəcə faktları olduğu kimi qəbul edirlər və artıq suallarla özlərini yormurlar. "Su yanmır ? - Əşşi yanmır da, fərqi nədi nəyə görə..."

  Suyun və bəzi digər maddələrin nəyə görə yanmadığını izah etmək üçün ilk öncə yanma nədir, onu nəzərdən keçirək. Yanma - maddələrin oksigenin təsiri ilə oksidləşməsidir. Buradan növbəti sual yaranır : Bəs oksidləşmə nədir ? - Bu sualı qısaca olaraq, sadə dillə izah edim.

  Oksidləşmə - atomların öz elektronlarını digər atomlara verməsidir. Yəni, bilirik ki, atomlar müsbət yüklü nüvədən və onun ətrafında yerləşən mənfi yüklü elektronlardan təşkil olunub (daha ətraflı : Bax !). Kimyəvi reaksiyalar zamanı atomlar arasında rabitələr məhz elektronların hesabına yaranır. Bir element öz elektronlarını verir (yəni oksidləşir), digəri isə həmin elektronları qəbul edir (yəni oksidləşdirir).

 Deməli, yanma oksidləşmədir. Bu zaman maddələr oksigenlə reaksiyaya daxil olur və nəticədə oksidləşmə məhsulları alınır. Əgər reaksiyaya daxil olan maddələr bəsit maddələrdirsə (məs. H2, C, N2 və s. kimi), onda reaksiya nəticəsində oksidlər əmələ gələcək. Yox, əgər mürəkkəb maddələr yanırsa, bu halda reaksiya məhsulları müxtəlif olacaq. Məsələn, üzvi maddələr yanarkən əsasən karbon qazı və su, bəzi hallarda isə azot və kükürd oksidləri də əmələ gəlir.

  İndi isə qayıdaq sualımıza : "Su niyə yanmır ?". Yuxarıda deyilənləri ümumiləşdirərək belə başa düşürük ki, suyun yanması üçün onun oksigenlə reaksiyaya daxil olması lazımdır. Yəni oksigen onu oksidləşdirməlidir. Lakin bu baş vermir. Çünki, su özü artıq oksidləşmə məhsuludur (formulunu yadınıza salın H2O). Tam olaraq oksidləşmiş maddəni oksidləşdirmək olarmı ? - Əlbəttə ki, yox. Sergey Yeseninin məhşur şeirində deyildiyi kimi : "Кто сгорел, того не подожжешь..." (Kim yanıbsa, onu yenidən alovlandıra bilməzsən). Buna baxmayaraq, suyu da yandıran maddə mövcuddur. Bu maddə flüordur. O, Ən güclü oksidləşdiricidir. Flüor mühitində su mavi alovla yanır.

  Yuxarıda deyilənləri digər maddələrə də tətbiq edərək ümumi bir cavab verə bilərik. Maddələrin yanması üçün, onların oksidləşməsi lazımdır. SiO2 (qum), CO(karbon qazı) kimi maddələr də tamamilə oksidləşdiklərinə görə, oksigenlə reaksiyaya daxil olmurlar yəni oksigen onları oksidləşdirmir. Bu halda da yenə məsələ məhz oksigenlə oksidləşdirmədən gedir. Çünki flüor mühitində bu maddələr də yana bilər. O maddələr ki, oksigenlə reaksiyaya daxil ola bilir, onlar yanır. Lakin burada da kiçik bir nüans var. Məsələ burasındadır ki, bəzi maddələr oksigenlə reaksiyaya çox yüksək temperaturda və ya xüsusi şəraitdə daxil ola bilir. Belə hallarda biz həmin maddəni "yanmır" kimi qələmə veririk. Məsələn, azot oksigenlə 2000 dərəcə selsi temperaturda reaksiyaya daxil olur. Məişət şəraitində bizim o dərəcədə yüksək temperatur əldə etməyimiz mümkünsüzdür. Bu səbəbdən belə yanma reaksiyalarını biz nəzərdən keçirmirik.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now