"Plasebo effekti" nədir ?

29/05/2018

 

  Plasebo effekti (lat. placebo - uğun gələn, bəyənilən) - heç bir müalicə xüsusiyyəti və bəzən hətta kimyəvi təsiri olmayan dərman preparatının xəstənin vəziyyətini yaxşılaşdırmasına deyilir. Sadə dillə desək, hər hansı bir xəstəlikdən əziyyət çəkən insana həmin xəstəliyin müalicəsinə heç bir aidiyyəti olmayan və bəzən isə ümumiyyətlə dərman preparatı olmayan həb və ya kapsul verilir. Nəticədə qeyri - müəyyən şəkildə xəstə sağalır və ya vəziyyəti yaxşılaşır. Uzun illərdir bu effektin elmi izahı tapılmayıb və müxtəlif insanlar bunu müxtəlif amillərlə izah edir. Bəziləri iddia edir ki, bu özünütəlqinlə əlaqədardır. Digərlərinin fikrinə əsasən isə bu sadəcə olaraq təcrübə iştirakçısı olan insanın həkimlərin simpatiyasını qazanmaq məqsədilə dediyi yalandır.

  Effektin adına ilk dəfə 18 - ci əsrdə yazılmış tibbi məlumatlarda rast gəlinir. Belə ki, həmin dövrdə həkimlər xəstənin vəziyyətini necə yaxşılaşdıracaqlarını bilməyəndə, və ya əsl dərmanları tapa bilməyəndə onlara adi, yalançı həblər verirdilər. Bu həblər adətən ya heç bir təsiri olmayan maddələrdən, ya da adi şəkərdən hazırlanmış olurdu. Bir çox hallarda bu dərmanlar həqiqətən də kömək edirdi.

  Nə qədər qəribə olsa da plasebo effekti bu günkü günümüzə qədər müxtəlif pasientlər üzərində uğurla sınaqdan keçirilir. Məsələn, 1996 - cı ildə Amerika klinikalarından birində belə bir təcrübə həyata keçirilib. Təsadüfi olaraq toplanmış bir qrup insana yeni ağrıkəsici kremin sınaqlarında könüllü olaraq iştirak etmək təklif olunub. İştirakçılara bildirilib ki, "Trivarikain" adlı preparat yeni hazırlanıb və həqiqətən də ağrıkəsici təsirə malikdir. Bu məqsədlə onların bir əlinin şəhadət parmağına yeni "möcüzəvi krem" çəkilib. Daha sonra növbə ilə, əvvəlcə digər əlin şəhadət barmağı, sonra isə krem çəkilmiş barmaq kəlbətinlə sıxılmağa başlanıb. Nəticə hamını təəccübləndirib. Belə ki, iştirakçıların böyük bir qismi iddia edib ki, krem çəkilmiş barmaq daha az ağrıyır. Halbuki həmin kremin heç bir ağrıkəsici xüsusiyyəti olmayıb.

  Effektin təsir mexanizminə gəldikdə isə, əksər tədqiqatçılar bunu preparatın təsirinə inam və özünütəlqinlə əlaqələndirirlər. Belə ki, bu qisimdən olan alimlərin fikrincə plasebo effekti həqiqətən də realdır. Belə ki, onun vasitəsilə bir sıra problemləri, o cümlədən arterial təzyiqi, başağrısı və digər narahatlıqları aradan qaldırmaq mümkündür. Bunu isə onunla izah edirlər ki, yalançı dərmanı qəbul edən insan onun yalançı olduğundan xəbərsiz olduğu üçün öz vəziyyətinin yaxşılaşacağına inanır. Bu inam isə qan təzyiqin artmasına, stressin azalmasına və qana "xoşbəxtlik hormonları"nın (məsələn, endorfinlərin) ifraz olunmasına gətirib çıxarır. Bu hormonlar da öz növbəsində ağrıkəsici təsirə malik olur və xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunur.

  Bu günkü günümüzdə plasebo effekti təkcə həblər kimi deyil, həm də müxtəlif yalançı müalicəvi prosedurlar və hətta cərrahi əməliyyat imitasiyası şəklində tətbiq olunur.

  Ümumiləşdirərək onu demək olar ki, yuxarıda dediklərimiz bir daha sübut edir ki, insan orqanizmi həqiqətən də çox mürəkkəbdir və sona qədər öyrənilməyib. Kim bilir, bəlkə ən qorxulu xəstəliklərin belə müalicəsi bizim öz orqanizmimizdə gizlənib və bunun üçün sadəcə inanmaq və bədənimizin gizli silahını işə salmaq lazımdır.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now