Fantastika kimi görünən yeni kəşflər...

15/06/2018

   

 

  Son illərdə elm o qədər sürətlə inkişaf edir ki, artıq heç kim buna önəm vermir. Bir zamanlar fantastika və ya mümkünsüz kimi görünən şeylərin kəşfi biri digərinin ardıyca baş verir. Yeni maddə növləri, işıq saçan bitkilər, süni intellekt və sair bu kimi kəşflər artıq heç kimdə təəccüb doğurmur. Yeri gəlmişkən , elmin ən son yenilikləri barədə buradan oxuya bilərsiniz. Bu dəfə sizə son illərdə fizika - kimya sahəsində edilən ən maraqlı kəşflər barədə danışacam.

 

  1. Molekulyar "qara dəlik". Bir müddət əvvəl fiziklər özünü qara dəlik kimi aparan mövhum aşkar ediblər. Belə ki, onlar ən güclü lazerin köməyi ilə yodmetan (CH3J) və yodbenzol (C6H5J) molekullarını toqquşdurublar. İlkin olaraq gözlənilirdi ki, lazer yod atomundan bütün elektronları qoparacaq və onların yerində boşluq qalacaq. Nisbətən zəif lazerlərin köməyi ilə aparılan bundan əvvəlki təcrübələr zamanı həmin boşluqlar dərhal atomun ən uzaq təbəqələrindəki elektronlarla dolurdu. Bu dəfə isə təcrübə nəticəsində maraqlı bir hadisə müşahidə olunub. Belə ki, lazer yodun elektronları ilə toqquşaraq onları qopardıqdan sonra yod atomu sözün əsl mənasında yanında olan atomların - hidrogen və karbonun elektronlarını "udmağa" başlayıb. Kənardan bu qara dəlik təəssüratı yaradıb.

  Lazerin göndərdiyi növbəti impulslar elektronları qoparmağa davam etsə də, boşluq elektronları özünə daha da çox çəkməyə davam edib. Bütün bu dövri proses molekulun tamamilə məhv olmasına qədər davam etdirilib. Maraqlıdır ki, yod atomu yeganə atomdur ki, özünü bu cür aparır. 

 

  2. Materiyanın "mümkünsüz forması". Bəlkə də bir çoxlarınız eşitməmisiniz ki, "Yüksək axıcılığa malik bərk maddəadlanan materiya növü mövcuddur. Adından göründüyü kimi, bu maddə özünü həm bərk maddə, həm də maye kimi aparır. Belə ki, o, bərk maddələr kimi nizamlı kristal struktura malikdir və bununla yanaşı, mayelər kimi axıcılıq xassəsi də göstərir. Bu cür xassələrə malik materiya növünü isveçrəli və amerikalı alimlər qrupu bir - birindən xəbərsiz 2016 - cı ildə əldə etməyə nail olublar. İsveçrəli tədqiqatçılar bu məqsədlə rubidiumun qaz halından istifadə ediblər. Amerikalılar isə natrium metalından istifadə ediblər. Hər iki halda maddə ekstrimal kiçik temperaturlara qədər soyudularaq lazerin təsirinə məruz qoyulub.

 

  3. Mənfi kütləyə malik maye. Bu maddə haqqında ilk dəfə eşidəndə o mənim böyük marağıma səbəb oldu. Belə ki, bu elə bir maddədir ki, kənardan göstərilən təsirə əks təsir göstərə bilir. Yəni, təsəvvür edin ki, siz onu əlinizlə itələyirsiniz, o isə sizə sanki müqavimət göstərir. Bu mayeni əldə etmək məqsədilə də rubidium atomlarından istifadə olunub. Atomlar əvvəlcə kritik temperatura qədər soyudulub, daha sonra isə lazerin köməyi ilə sıxılıb. Bundan sonra, ikinci lazer ilə atomlar elə həyəcanlandırılıb ki, onlar öz spinlərini dəyişməyə məcbur olublar. Müşahidə olunan effekt də məhz bununla izah olunur.

 

  4. "Zaman kristalları". Nobel mükafatı laureatı Frenk Vilçek 2012 - ci ildə "zaman kristalları" adlandırılan kristalların yaradılmasının mümkünlüyü fikrini irəli sürmüşdü. Onun izahına əsasən, belə kristallar sükunət halında olmalarına rəğmən müəyyən hərəkətə də malik olmalıdırlar. Başqa sözlə, belə kristallar materiyanın ən aşağı enerjili halını xarakterizə edirlər. Vilçekin fikrincə bu cür əbədi hərəkətə nail olmaq üçün atomlar stasionar haldan periodik hala keçirilməlidirlər. Onun bu fikri səsləndirməsindən 5 il sonra, Harvard universitetində bu cür kristal yaratmağa nail olublar. Yaradılmış "zaman kristalında" azot qarışıqlar almazın daxilində əbədi dövr edirlər.

 

5. 2D (ikiölçülü) maqnit. 2D maqnit dedikdə elə bir material nəzərdə tutulur ki, həmin material bir atom qalınlığında olsa belə, öz maqnit xassələrini saxlaya bilsin. Bu cür xassəyə malik maddə 2017 - ci ildə əldə olunub. Alimlər bu məqsədlə xrom (III) yodid maddəsindən istifadə ediblər. Təbəqəli quruluşa malik olan bu maddə 1 atom qalınlığında təbəqə şəklində saxlanılana qədər maqnit xassəsini saxlayır. Onun bu xassəsi nisbətən aşağı, -228 dərəcə selsi temperaturda mümkün olub. Otaq temperaturunda isə bu maddə oksigenin təsiri ilə dəyişikliyə uğrayır.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now