Ev şəraitində apara biləcəyiniz 5 təcrübə.

10/04/2018

  Kimyanı bir elm kimi maraqlı edən, sözsüz ki, aparılan təcrübələrdir. Lakin kimyəvi maddələrin bir çoxunun çətin tapılması və ümumiyyətlə kimyəvi avadanlıqların bahalı olması, əksər məktəblərdə kimyanın tədrisi prosesinin yalnız nəzəri biliklərlə məhdudlaşdırılmasına gətirib çıxarır. Bu səbəbdən də şagirdlərə bu fənn cansıxıcı və çətin gəlir. Deyilənləri nəzərə alaraq, qərara gəldim ki, asan əldə olunan maddələrlə ev şəraitində aparılması mümkün olan reaksiyalar barədə məqalə hazırlayım.

   Təcrübə 1. Bu təcrübə üçün bizə brilliant yaşılı ("zelyonka"), hidrogen peroksid və tutulmuş boruların təmizlənməsi üçün maye ( "Tiret" , "Mr Muscle" və s. bütün marketlərdə var) lazımdır. İlk olaraq yarım stəkan suya 10 - 15 damcı "zelyonka" əlavə edirik ki, parlaq yaşıl rəngli məhlul alınsın. Daha sonra onun üzərinə bir qədər (təxminən 1 çay qaşığı) hidrogen peroksid əlavə edirik. Bir qədər qarışdırdıqdan sonra məhlula bir qədər boru təmizləyicisi əlavə edirik. Nəticədə məhlul tədricən rəngsizləşəcək. Bu o səbəbdən baş verir ki, brilliant yaşılı (və ya "zelyonka") qələvi mühitdə hidrogen peroksid iştirakı ilə oksidləşir.

   Təcrübə 2. Nisbətən dərin kasa götürürük, içərisinə 1 çay qaşığı çay sodası tökürük. Onun üzərinə isə yarım stəkan sirkə turşusu ("uksus") əlavə edirik. Nəticədə karbon qazı ayrılmağa başlayacaq. Karbon qazı havadan ağır olduğu üçün kasanın içinə yığılacaq. Bunu yoxlamaq üçün kasanın içinə yanar çöp sala, və ya kiçik ölçülü şam yandırıb kasanı şama tərəf əyə bilərsiniz (içərisindəki mayeni dağıtmadan). Nəticədə alov sönəcək.

   Təcrübə 3. Bu təcrübə də nisbətən sadədir. Bunun üçün bizə nişasta ("kraxmal") və yod lazım olacaq. 1 stəkan ilıq suda bir çay qaşığı nişasta həll edirik. Daha sonra 0,25 stəkan suya 10-15 damcı yod əlavə edib, alınan qarışığı nişasta məhlulunun üzərinə tökürük. Nəticədə məhlul çox tünd, demək olar ki, qara rəngə bürünəcək. Bu reaksiya nişastanın təyini reaksiyasıdır. Hər hansı bir ərzaq məhsulunun (kartof, un məmulatları və s.) tərkibində nişastanın olmasını da bu cür müəyyən etmək olar.

   Təcrübə 4. Bu təcrübə üçün bizə nisbətən çətin tapılan kalium permanqanat ("marqansovka"), şəkər tozu və boru təmizləyicisi (qələvi) lazımdır. İlk olaraq yarım stəkan suda bir qədər kalium permanqanat həll edirik ki, çəhrayı rəngli məhlul alınsın. Sonra ayrıca 1/3 stəkan suda yarım çay qaşığı şəkər tozu həll edirik və onun da üzərinə 1/4 stəkan boru təmizləyicisi əlavə edirik. Yaxşıca qarışdırdıqdan sonra, məhlulu malium permanqanat məhlulunun üzərinə tökürük. Nəticədə "svetofor reaksiyası" adlanan reaksiya baş verəcək. Belə ki, məhlul əvvəlcə maviləşir, sonra yaşıllaşır, bir qədər sonra isə saralır.

   Təcrübə 5. Sonuncu təcrübəmiz isə oksigenin laboratoriyada alınma reaksiyalarından biridir. Bunun üçün bizə hidrogen peroksid və kalium permanqanat tələb olunur. Stəkana bir qədər hidrogen peroksid tökürük, onun üzərinə isə bir az kalium permanqanat əlavə edirik. Nəticədə təmiz oksigen ayrılır. Bunu yoxlamaq üçün stəkanın içinə közərmiş çöp sala bilərsiniz. Oksigen yanmaya kömək etdiyindən, çöp alışacaq.

   Qeyd : Reaksiyaların aparılması zamanı təhlükəsizlik qaydalarına riayət edin. Boru təmizləyicisindən istifadə zamanı yaxşı olar ki, əlcəkdən istifadə edəsiniz.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now