Niyə biz tənəffüs zamanı məhz karbon qazı xaric edirik ?

13/01/2019

 

  Hamımız bilirik ki, insanlar tənəffüs prosesində havadan oksigeni alır, karbon qazını isə xaric edirlər. Bəs düşünmüsünüzmü nəyə görə məhz karbon qazı ? Ümumiyyətlə, bu qaz orqanizmdə necə əmələ gəlir ?

 

  Tənəffüs prosesinin mahiyyəti.

 Ağciyərlər və ümumilikdə tənəffüs prosesinin mexanizmi barədə danışmayacağıq, çünki bu, biologiya sahəsinə aiddir və hər biriniz bu barədə yəqin ki, az-çox məlumatlısınız. Biz hüceyrə səviyyəsində tənəffüs və qazlar mübadiləsini nəzərdən keçirəcəyik. Qazlar mübadiləsi ağciyərdə, daha konkret olsaq, ağciyəri təşkil edən mikroskopik ölçülü qovuqcuqlarda - alveollarda baş verir. Burada qan hüceyrələri özləri ilə gətirdikləri karbon qazını boşaldır, əvəzində oksigenlə yüklənərək, onu hüceyrələrə daşıyırlar. Yeri gəlmişkən, qan ümumilikdə orqanizmimizdə daşıyıcı funksiyasını yerinə yetirir. Onun vasitəsilə hüceyrələr lazımi qida maddələri, oksigenlə təmin olunurlar.

  Karbon qazının qanla necə daşındığına gəldikdə isə, karbon qazı (CO2) hemoqlobinlə birləşərək, karbaminohemoqlobin adlı molekul əmələ gətirir. Bu proses geri dönən olduğundan, birləşmə ağciyərlərə çatdıqdan sonra hemoqlobin karbon qazından azad olur. Bu proses orqanizmdəki karbon qazının 30%  -nin dövriyyəsini həyata keçirir.

  Karbon qazının təxminən 60% - i isə qanda həll olmuş şəkildə, daha dəqiq desək, bikarbonat ionları (və ya hidrokarbonatlar - HCO3⁻) şəklində nəql olunurlar. Bikarbonat bufer sistemi qanın pH-nı lazımi səviyyədə saxlayır.

 

  Karbon qazı orqanizmdə necə əmələ gəlir ?

 Bilirsiniz ki, hüceyrələrin, orqanların və ümumilikdə orqanizmin yaşaması, öz həyat funksiyalarını yerinə yetirə bilməsi üçün ona enerji tələb olunur. Enerjini isə biz qida şəklində qəbul edirik.  Həmin qida məhsulları həzm sistemimizdə daha sadə molekullara - karbohidratlar, yağlar və zülallara parçalanırlar. Bu molekullar da öz növbəsində, hüceyrələrdə oksigen iştirakı ilə parçalanaraq enerji ayırırlar. Həmin parçalanma reaksiyaları nəticəsində enerji ilə yanaşı karbon qazı (CO2) və su da əmələ gəlir. Ümumilikdə bu prosesi sxematik olaraq aşağıdakı kimi göstərmək olar :

 

şəkər + oksigen = karbon qazı + su + Enerji

 

  Onu da qeyd edək ki, bu prosesin tam əksi bitkilərin yarpaqlarında gedir. Bu zaman karbon qazı və sudan şəkər və oksigen alınır. Bu proses isə fotosintez adlanır.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now