Süni düyü və süni yumurta. Uydurma yoxsa həqiqət ?

31/05/2018

 

  Son zamanlar internetdə süni yolla əldə olunan düyü və yumurta kimi qida məhsulları barədə xəbərlər yayılıb. Bir kimyaçı kimi bu sözsüz ki, mənim də marağıma səbəb oldu. Düzdür, artıq elə bir dövrdə yaşayırıq ki, elmin və xüsusilə də kimyanın nailiyyətləri mümkünsüz görünən bir çox şeyi reallığa çevirə bilib. Buna baxmayaraq düyü və hətta yumurta kimi məhsulların süni yolla əldə olunmasına mən bir az şübhə ilə yanaşdım. Bu səbəbdən qərara aldım ki, əlimdə olan imkanlardan istifadə etməklə məsələnin nə dərəcədə real olub olmamasını müəyyən edim.

  Məlumdur ki, dünya əhalisinin sayı artdıqca qida problemi də geniş vüsət alır. Və bu problemlə mübarizədə genetik modifikasiya və kimyəvi yolla qida məhsullarının alınması kimi ən müxtəlif metodlardan istifadə olunur. Məsələn, heç kim üçün sirr deyil ki, artıq uzun illərdir hər birimizin mətbəxində istifadə olunan günabaxan və qarğıdalı yağlarının əsas tərkib hissələri kimyəvi sintez yolu ilə alınır. Yaxşı, bəs düyü və yumurta kimi məhsulları necə süni yolla yaratmaq olar və bu həqiqətən də mümkündürmü ?

  Bir qədər axtardıqdan sonra müəyyən etdim ki, bəli, həqiqətən də düyünü və yumurtanı süni yolla əldə edə bilirlər. Və buna da təbii ki, kopyalama sahəsində uzun illərdir böyük təcrübəyə malik olan və bunun sayəsində dünya iqtisadiyyatında öz yeri olan Çin nail olub. İndi isə keçək bu məhsulların nədən və necə əldə olunmasına.

                     

                         Süni düyü necə əldə olunur ?

  Sən demə, süni düyünü əldə etmək üçün çox şey lazım deyil. Belə düyünü adi nişasta və sintetik qətran (yapışqan) istifadə etməklə istehsal etmək mümkündür. Prosesin mahiyyəti isə yəqin ki, artıq aydındır. Nişasta və qətran qarışdırılır və lazımi formaya salınması üçün xüsusi üyüdücülərdən keçirilir. Elə qətran məhz düyünün öz formasını saxlaması üçün istifadə olunur.

   Bəs süni düyünü əsl düyüdən necə fərqləndirmək olar ? - Bu suala mütəxəssislər müxtəlif cür cavab verirlər. İlk olaraq xarici görünüşə diqqət yetirmək məsləhətdir. Lakin qeyd etmək lazımdır ki, artıq elə texnoloji proseslər hazırlanıb ki, yeni əldə olunan düyünü əsldən fərqləndirmək çətindir. Bu səbəbdən alternativ yoxlama üsulları da var. Məsələn, bişirilmə zamanı düyünün formasının dəyişməsinə diqqət yetirmək lazımdır. Təbii düyü adətən qaynadıldıqdan sonra şişir, süni isə yox. Və ya düyünü sadəcə yandırmaq olar. Belə iddia edilir ki, bu zaman ərimiş plastik iyi hiss olunacaq.

 

                     Süni yumurta necə əldə olunur ?

  Düyünün süni istehsalını hardasa anlamaq mümkündür. Amma yumurtanı, belə mürəkkəb tərkibli və quruluşlu məhsulu necə kopyalamaq olar ? Çinlilər bunun da öhdəsindən gəlib.

  Çin saytlarının birində yerləşdirilən məlumata əsasən, süni yumurta istehsalı üçün aşağıdakı komponentlər istifadə olunur : qabıq üçün kalsit (kalsium karbonat), sarı və ağ üçün kalium alginat (polisaxaridin kalium duzu), kalium - alüminium sulfatlar, jelatin, kalsium xlorid və rəngləyicilər.

  Hazırlanma prosesi isə bu cürdür : əvvəlcə isti suda kalium karbonat həll edilir. Daha sonra həmin məhlula jelatin, benzoy turşusu, kalium - alüminium sulfatlar əlavə olunur. Alınmış qarışıq yumurta ağını əvəz edir. Sarısı üçün də eyni məhlul istifadə olunur, yalnız ora əlavə olaraq limon tuşusu və sarı rəngləyici əlavə edilir. Bundan sonra məhlullar xüsusi formalara salınır. Sonda isə qabıq əmələ gəlməsi üçün qarışıq gips, parafin və kalsium karbonat qarışığına salınır.

  Əldə olunmuş yumurtanın nə dərəcə qidaya yararlı olmasını demək çətindir. Eyni zamanda oxşar proseslə külli miqdarda yumurta istehsal olunması da şübhə doğurur. Buna baxmayaraq əldə etdiyim məlumatları sizinlə paylaşmaq qərarına gəldim.

  Süni yumurtanı təbiidən fərqləndirməyə gəldikdə isə, bu düyüdən fərqli olaraq çox sadədir. Belə ki, süni yumurtanın xarici görünüşü fərqlidir. Eyni zamanda həmin yumurtaların sarısı və ağı eyni maddədən hazırlandığından, bir müddət sonra öz - özünə qarışmaq xüsusiyyətinə malikdir.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now