Suyu təmizləyən və parçalaya bilən yeni material hazırlanıb.

 Metal-üzvi birləşmələr öz optik və elektron xüsusiyyətlərinə, universal strukturuna görə ən faydalı materiallardandır. Hal-hazırda materialşünaslar metal-üzvi birləşmələrinin müxtəlif kimyəvi tətbiqlərinin aşkarlanması istiqamətində araşdırmalar aparırlar. Belə proseslərdən biri - fotokatalizdir. Fotokataliz - işığa həssas maddənin işıq şüalarının təsiri ilə aktivləşməsi prosesidir.

 Lozanna Federal Politexnik məktəbindən olan bir qrup alim metal-üzvi birləşmələr əsasında yeni molekulyar sistem əldə ediblər. Bu sistem iki fotokataliz prosesini eyni anda həyata keçirə bilir. O həm suyu çirkləndirən kənar qarışıqlardan təmizləyir, həm də onu parçalayaraq hidrogen istehsal edir. Material, ucuz xammal olan nikel fosfiddən (Ni2P) ibarətdir. Bu maddə adi görünən işıqda çox effektiv fotokataliz həyata keçirə bilir. Tədqiqat nəticələri Advanced Functional Materials jurnalında dərc olunmuşdur.

 Birinci fotokataliz prosesi - hidrogenin istehsalı suyun parçalanması ilə bağlıdır. Yəni bu proses zamanı su molekulları hidrogenə və oksigenə parçalanırlar.

 İkinci fotokataliz prosesi isə "üzvi çirkləndiricilərin parçalanması" adlandırılır. Bu proses, öz növbəsində suyu çirkləndirən üzvi molekulları parçalayaraq daha sadə hala gətirir. Alimlər təcrübi olaraq prosesi toksiki rəngləyici olan rodamin B maddəsi üzərində həyata keçiriblər. Bu maddə adətən üzvi çirkləndiriciləri əvəz etmək üçün istifadə olunur.

 Mütəxəssislər yuxarıda qeyd olunan hər iki prosesi eyni vaxtda həyata keçirə biliblər. Buradan belə nəticə çıxır ki, metal-üzvi birləşmələr əsasında alınmış fotokatalitik sistem eyni vaxtda həm suyu təmizləyə, həm də hidrogen istehsal edə bilər.

 "Bu fotokatalitik sistem nəcib metallardan istifadə olunmadan hazırlanıb. Bu o deməkdir ki, biz fotokataliz sahəsində təmiz günəş enerjisindən istifadə olunması istiqamətində böyük irəliləyişə nail olmuşuq. Təcrübələr həm də metal-üzvi birləşmələrin qeyd olunan sahədə nə dərəcədə böyük fayda verə biləcəyini göstərir." - deyə, tədqiqatın rəhbəri Kiriakos Stilianu bildirib.

 Mənbə : naked-science.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now