İstidə sərinlədən, soyuqda isidən yeni həssas parça.

 

 "Ağıllı paltar" konsepsiyası artıq uzun illərdir ki, alimlərin maraq dairəsindədir. Kollec - Parkda yerləşən Merilend Universitetinin tədqiqatçıları bu mənada böyük irəliləyiş əldə ediblər. Onlar bədən temperaturundan asılı olaraq istilik izolyasını tənzimləyə bilən, buna uyğun olaraq isidici və sərinlədici rejimlər arasında keçid edən yeni material hazırlayıblar. Yeni parça öz xassələrini iki göstəriciyə əsasən dəyişir : istilik şüalanmasının xarakteristikasına görə və rütubətin, yəni tərləmənin miqdarına görə. Tədqiqatın nəticələri Science jurnalında dərc olunmuşdur.

 Parçanın saplarını təşkil edən lifləri əldə etmək üçün iki növ sintetik materialdan istifadə olunub. Onlardan biri su uducu, digəri isə su itələyici xassəyə malikdir. Sapların üzəri isə karbon nanoborucuqla örtülmüşdür.

 Liflər nəm udduğu zaman deformasiyaya uğrayırlar. Bu zaman hər bir sapı təşkil edən liflər bir - birinə yaxınlaşır. Sərinlətmə effekti eyni zamanda iki dəyişiklik hesabına əldə olunur : Birincisi, saplar nazikləşir, onlar arasındakı məsamələr böyüyür və nəticədə xaricə daha çox istilik buraxılır. İkincisi, sapların üzərini örtən karbon nanoborucuqlar bir növ infraqırmızı şüalanma ötürən qəbuledici rolunu oynayır. Liflər bir - birinə yaxınlaşdığı zaman onun xassələri dəyişir. Nəticədə onun şüalandırma qabiliyyəti 35% artır və parça insan bədənindən daha çox istilik ayırmağa başlayır.

 Qeyd olunur ki, material tər ayrılmasına dərhal reaksiya verir, bu səbəbdən insan isti olduğunu hiss etməyə belə, macal tapmır. Soyuq olduqda isə, yuxarıda qeyd olunan prosesin tam əksi baş verir və nəticədə ətrafa istilik verilməsi azalır.

  Müəlliflər həmçinin onu da qeyd ediblər ki, yeni parçanın digər bir vacib özəlliyi ondan ibarətdir ki, onun istehsalı üçün tələb olunan materiallar asan əldə olunur. Bu isə o deməkdir ki, yeni materialdan paltar istehsalı prosesi nisbətən sadə və ucuz başa gələcək.

 Mənbə : nauka.vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now