Binaları sərin saxlayacaq yeni polimer boya hazırlanıb.

 Binalarda sərinliyin təmin edilməsi komfort baxımından vacib element hesab olunur. Hal - hazırda bu problemi həll etməkdən ötrü kondisionerlərdən istifadə olunur. Bu qurğuların zərərli tərəfləri isə hamıya məlumdur. Amerikalı alimlər bu baxımdan əlverişli olan sadə polimer material hazırlayıblar. Hansı ki, bu materialı binanın xarici səthinə çəkdikdə, hətta günəş işığının birbaşa təsiri altında olduqda belə, bina daxilində normal temperatur saxlanması mümkün olacaq. Bu effekt əldə olunan materialın işığı yaxşı əks etdirməsi hesabına əldə olunur.

  Kolumbiya Universiteti və Arqonn Milli laboratoriyasından olan tədqiqatçılar Nanfan Yunun rəhbərliyi altında passiv soyutma üçün effektiv olan material hazırlamağa nail olublar. Bu material asan sintez olunur, ətraf mühitin təsirinə qarşı davamlıdır və onun istifadəsi adi boya istifadəsi qədər sadədir.

 Haqqında danışılan materialın hazırlanmasından ötrü tədqiqatçılar vinilflüorid və heksaflüorpropenin birlikdə polimerləşməsindən istifadə ediblər. Tərkibində flüor olan polimer material karbon - flüor rabitələri hesabına kifayət qədər möhkəmdir. Belə ki, bu cür material temperaturun enməsinə və rütubətə qarşı davamlılıq göstərir.

  Əldə olunan vinilflüorid + heksaflüorpropen birgə polimeri asetonda yaxşı həll olur amma suda həll olmur. Belə olan halda, maddə aseton + su emulsiyası şəklində səthə çəkildikdə əvvəlcə asan uçucu aseton buxarlanır. Asetonun miqdarı nəzərə çarpacaq dərəcədə azaldıqdan sonra qarışığın səthində su damcıları yaranmağa başlayır. Və bir halda ki, bu polimer suda həll olmur, o, su damcıları ətrafında kristallaşmağa başlayır və tərkibində su olan məsaməli bir material əmələ gətirir. Daha sonra asetonun qalan hissəsi, bunun ardıyca da su tamamilə buxarlanır. Nəticədə məsaməli struktur yaranır ki, bu məsamələrin də ölçüsü 50 - 10000 nm arası dəyişir. Belə məsamələrin daxili səthi görünən işığı və infraqırmızı şüalanmanın bir hissəsini əks etdirə bilir. Yəni, alınmış material üzərinə düşən işıq şüasının 96 % - ni əks etdirə bilən ağ rəngli örtükdür. 

  Material Arizonanın quru, isti iqlimində sınaqdan keçirilib. Belə ki, o, açıq günəş altında üzərinə çəkildiyi səthin temperaturunu ətraf mühitin temperaturu ilə müqaisədə 6° C aşağı salıb. Banqladeşin rütubətli havasında isə material bir qədər zəif nəticə göstərib - cəmi 2° C. Amma bu da rütubətli havada istilik şüalanmasının pis əks olunması ilə əlaqələndirilir. 

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now